Siyasət

  • 3 245

Sahibə Qafarova: Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır

image

"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz öz əməli, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirib". Bunu Milli Məclisin deputatı, professor Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırıb: "Ümummilli Liderimiz müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində misilsiz xidmətlər göstərib. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz gərgin zəhməti və fədakar fəaliyyəti ilə yaradıb, onun müstəqilliyini əbədi və dönməz edib, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli Liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib", - deyən Sahibə Qafarova vurğulayıb ki, bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izləri, parlaq əməlləri görünməsin".
Millət vəkili deyib ki, Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri yaradılmış zəngin baza əsasında müvəffəqiyyətlə icra edə biləcək, xalqın dəstək verdiyi uğurlu lideri yetişdirmək olub: "2003-cü ildən sonrakı 16 il ərzində müstəqil Azərbaycan dövlətinin əldə etdiyi möhtəşəm nailiyyətlər bu seçimin nə qədər böyük tarixi əhəmiyyətə malik olduğunu bir daha əyani sübuta yetirir. Və əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub".
Sahibə Qafarova bildirib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində misilsiz nailiyyətlər əldə olunub.
Milli Məclisin deputatı həmçinin qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərimizin zəngin irsinin təbliğ olunmasında, Ümummilli Liderin əsasını qoyduğu ənənələrin yaşadılaraq gələcək nəsillərə ötürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
"Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətləri təhlil edərkən, bir daha o əminliyi dərk edirsən ki, Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır!", - deyə Sahibə Qafarova qeyd edib.

yap.org.az

Digər xəbərlər