Siyasət

  • 9 234

"Söyüş müxalifəti" məqsədinə çatmadı

image

Müxalifətçi bloger Elvin İsayev Azərbaycana deportasiya edildi

Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə, 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Bu, nə birinci haldır, nə də sonuncu. Nə qədər ki, "siyasi mühacir" adı ilə Avropa ölkələrində sülələn və adını azərbaycanlı qoyub, Azərbaycan dövlətinə və xalqına qarşı təhqiramiz sözlər, böhtanlar yağdırırlarsa, onların sonu belə olmalıdır. Ötən il Türkiyədə saxlanılaraq, aprelin 22-də Azərbaycana ekstradisiya edilən sabiq deputat, "Quska" ləqəbli biznesmen Hüseyn Abdullayevin həbsindən sonra Avropadakı "söyüş müxalifəti" susdu. Sanki "qurbağanın gölünə daş atıldı". "Söyüş müxalifəti"nin susqunluğu, daha çox iz azdırmaqla əlaqələndirilir. Belə ki, Avropadakı müxalifətin "Quska" tərəfindən maliyyələşdirildiyi barədə çoxsaylı iddialar üzə çıxdı. Azərbaycan daxilindəki müxalifətin bəzi qüvvələrinin də H.Abdullayevdən maliyyə dəstəyi aldıqları barədə faktlar üzə çıxdı.
Söyüş söyməklə internetdə "fəallıqları" ilə seçilən, siyasi bilikləri çox aşağı səviyyədə olanlar Azərbaycanda siyasətə söyüş və təhqirin AXCP sədri Ə.Kərimli tərəfindən gətirilənlərdir. Ə.Kərimlinin trollarına rəhbərliyi Natiq Ədilov, Gözəl Bayramlı və ya digərləri edirdi. Bütün bunlar faktdır. Söyüş söymək yolunu da buna görə seçdilər. Düşündülər ki, milyonlarla insan olduğu məkanda, bu cür yollarla Azərbaycanda istədiklərini həyata keçirə biləcəklər. Ancaq unutdular ki, cəmiyyətimiz küçə uşaqlarının təhqirinə heç zaman dəstək verməz.

"Söyüş müxalifəti", yoxsa siyasi terrorçular?

Bəli, bu adamlar, əsl həqiqətdə də, terrorçudurlar. Mahiyyətcə terrorçudurlar. Onların xislətləri terrorizmə indekslənib. Bütün başqa terrorçular kimi, bunlar da eyni əlamətlərə və eyni göstəricilərə malikdir. Terrorçuların iki başı, dörd gözü, səkkiz qulağı olmur ki. İndiyə qədər gəlmiş-getmiş bütün terrorçular kimi bizim bu dırnaqarası "azərbaycanlı" terrorçuların çağırışları da eynilə təhdid, qanuni hakimiyyətə qarşı silahlı müqavimət, kütləvi itaətsizlik və qətllərə çağırış üzərində qurulub. Onlar ölkəmizə və hakimiyyətimizə qarşı durmadan aqressiya, kin, söyüş, nifrət püskürürlər.
Bu ünsürlərə, bu ictimai-siyasi tör-töküntülərə heç bir halda, müxalifət demək olmaz. Heç "söyüş müxalifəti" demək də düz deyil. Çünki normalda əsl müxalifət və sivil müxalifət belə olmur. Yeganə silahı, şüarı, ideologiyası söyüşdən ibarət olan bir qüvvəni müxalifət adlandırmaq, məncə də, onları ciddiyə almaq və şərəfləndirmək demək olardı. Bu adamların bir adı var: terrorçular. Onlar hal-hazırda siyasi terrorçuluqla məşğuldurlar. Onu da qeyd edək ki, belə tör-töküntülər Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə sayıla bilməz. Necə deyərlər, milçəyin ürək bulandırması məsəlində olduğu kimi, bu adamlar da Azərbaycanın imicini zədələməklə məşğuldur. Və nəticəsi də belə olmalıdır.
Siyasi mübarizə adı altında qeyri-sivil yollarla, yəni qisasçılıq siyasəti aparmaqla yanaşı, həm də bir-birləri ilə qrant davasına çıxan orduxanlar, turallar, məhəmmədlər, rəfaillər, vidadilər və s. bütün mənalarda dövlət, xalq, millət, əxlaq, şərəf, ləyaqət, mənəviyyat kimi meyarlardan qat-qat uzaqdadırlar. Biz, dəfələrlə müşahidə etmişik ki, müxtəlif hadisələrdən dərhal öz məqsədləri üçün yararlanmağa cəhd edən bu tiplər yığnağı açıq-aşkar dövlətə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı terror çağırışları etməyə başlayırlar. Bəlkə də bir çoxları bunu eyforiyaya qapıla hissi ilə əlaqələndirə bilərlər, amma bu, heç də belə deyil. Bu, sadəcə, terrorçuluğa çağırışlardır!

Belə xainlər barədə ciddi ölçülər götürülsün!

AXCP sədri Əli Kərimli siyasi karyerası boyunca fərarilik, satqınlıq, qorxaqlıq və xəyanət kimi "ilk"lərə imza atan müxalifət funksionerlərindən biridir. Ümumiyyətlə, Əli Kərimlinin elə bir statusu və canlı yayım videosu yoxdur ki, "şərh" bölümündə hakimiyyət tərəfdarlarının ünvanına ifrat təhqiramiz ifadələr işlədilməsin. Axı Əli Kərimli necə təhqirin əleyhinədir ki, onun haqqında etik çərçivədə tənqid yazanların rəyləri həmin andaca silinir və bloklanır, amma həmin şəxslərin ünvanına yazılan təhqir və söyüşlərə toxunulmur, silinmir, bloklanmır? Deməli, təhqiri və söyüşü təşkil edən elə Ə.Kərimlinin özüdür. Onun tapşırığı olmadan cəbhəçilər arasında quş uçurdulmursa, demək, onun razılığı olmadan yazdığı statusların və çıxışlarının "şərh bölümündə" təhqirlər də yer ala bilməz. Buradan aydın olur ki, cəbhəçi trolların təhqir və söyüş kampaniyası, birbaşa Ə.Kərimlinin gizli göstərişlərinə uyğun olaraq təşkil edilir.

Fazil Mustafa: "Elvin İsayev kimilər bilməlidirlər ki, hər bir vətəndaşı təhqir etməyini cəzası böyük olur və o da cəzasını almalıdır"

Deputat Fazil Mustafa, sözügedən məsələ ilə bağlı bildirib ki, Elvin İsayev məhkəmə qarşısına çıxarılacaq: "Miqrasiya Məcəlləsinin tələblərini pozduğuna görə, deportasiya edilib və buna görə də məsuliyyət daşıyacaq. Ancaq yayılan məlumata görə, o, cinayət məsuliyyətinə cəlb edilib. Söyüş söymək təhqir kateqoriyasına daxildir. Yəqin ki, buna görə də, məsuliyyət daşıya bilər. Çünki hər bir vətəndaşı təhqir etməyin cəzası böyük olur və o da cəzasını almalıdır."

Novella Cəfəroğlu: "Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm..."

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Elvin İsayevi müdafiə etmək fikrində olmadığını deyib: "Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm. Sən bir şeyi bəyənmirsənsə, onu tənqid edə bilərsən. Eləcə də, hakimiyyəti bəyənmirsənsə, konkret faktlar göstərməklə, tənqid et. Bildir ki, filankəs korrupsionerdi, korrupsiya ilə evlər alıb və sairə. Bunu tənqid edə bilərsən. Təhqir isə yolverilməzdir. Özümə söz vermişəm ki, kimliyindən asılı olaraq təhqirə yol verən, söyüş söyən şəxsin hüquqlarını müdafiə etməyəcəyəm. Ona görə də, əgər Elvin İsayev söyüş söyübsə və buna görə cəza alacaqsa, onun hüquqlarını müdafiə etmək fikrində deyiləm".
N.Cəfəroğlu, onu da deyib ki, belələri unutmamalıdırlar ki, özlərinə rəva görmədikləri söyüşləri başqalarına qarşı tətbiq edirlərsə, bunun hüquqi tərəfləri də var: "Belə ki, bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycan da dünyada beynəlxalq Konvensiylara və hüquqi prinsiplərə daim əməl edən dövlət kimi tanınır. Hər bir Azərbaycan vətəndaşı vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq, qanun qarşısında bərabərdir və hər bir şəxs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır. Bəli, bu gün xarici ölkələrdə, necə deyərlər, "şirə, pələngə" dönən söyüş dağarcıqları da var ki, onlar onsuz da, Azərbaycanın dövlətçilik maraqlarına qarşı düşmənçilik mövqeyi nümayiş etdirirlər və düşünürlər ki, "siyasi sığınacaq" aldıqları hər hansı Avropa ölkəsində oturub, sosial şəbəkələr vasitəsi ilə dövlətinin mövqeyini qoruyanları çirkin söyüş hədəflərinə tuturlarsa, onların bu əməlləri cavabsız qalacaq. Beləliklə, "sosial şəbəkə müxalifəti"nin yaratdığı gərginliyin ömrü elə sosial şəbəkədə canlı yayımın ömrü qədərdir və bundan o tərəfə keçə bilmir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər