Sosial

  • 2 669

Anti-Azərbaycan qüvvələrin təxribatları ifşa edilir

image

Yaxud Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmaq və iki dost ölkə arasında gərginlik yaratmaq cəhdləri iflasa məhkumdur

Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin yeri və rolunun göstəricisidir. Azərbaycan, Ermənistan istisna olmaqla, bütün region ölkələri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir. Bu bir faktdır ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Ən əsası Cənubi Qafqaz regionunun və dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir.
Hər bir məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsində maraqlı olan ölkəmiz heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan hər zaman anti-Azərbaycan qüvvələr tərəfindən belə müdaxilələrlə üzləşir. Səbəbləri isə bəllidir. Ölkəmizin iqtisadi uğurları, beynəlxalq münasibətlər sistemində artan mövqeyi, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi, ən əsası dünyada söz sahibinə çevrilməsi uğurlarımızı həzm etməkdə çətinlik çəkən qüvvələr tərəfindən qısqanclıqla qarşlanıb, müxtəlif yollarla daxili işimizə cəhdlər göstərilib.
Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də, Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərirlər. Təsadüfi deyil ki, həmin qüvvələr Gürcüstan ərazisini Azərbaycanın daxili işlərinə müdaxilə məqsədilə plasdarma çevirərək, öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Gürcüstanın ərazisi anti-Azərbaycan qüvvə - Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən antimilli ünsürlərin fəaliyyət meydanına çevrilmiş və Azərbaycana qarşı istifadə olunmağa başlamışdı.
Azərbaycan və Gürcüstan hakimiyyətinin, hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində, həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilmiş, bu təxribatçı fəaliyyətin qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilir. "Jurnalist" Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını üzə çıxardı, bu prosesin iştirakçılarını ifşa etdi. Təsadüfi deyil ki, bu gün Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar Ə.Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə, Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar.
Bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks-mənzərə ilə rastlaşır və qərəzli bəyanatlar verməkdən başqa bir iş görə bilmirlər. Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğradı. Hər zaman qeyd edildiyi kimi, belə cəhdlərin baş tutması üçün əsaslar olmalıdır. Münasibətlərin yüksələn xətlə inkişaf etdiyi halda, buna kölgə salmaq, yalana həqiqət donu geyindirmək mümkünsüzdür.
Bütün bunlarla yanaşı, hər iki ölkə başçısının qarşılıqlı münasibətləri, əlaqələri bu gün Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə və siyasi proseslərə təsir göstərməyə çalışan anti-Azərbaycan qüvvələrin cəhdlərinin nə qədər əsassız sabun köpüyündən başqa bir şey olmadığını təsdiqləyir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər