Turizmin inkişafı ölkə iqtisadiyyatına böyük gəlir gətirir


Həri il olduğu kimi, artıq turist ölkəsi kimi tanınan Azərbaycanda yay turizm mövsümünə ənənəvi olaraq start verilir. İyunun 15-dən sentyabrın 15-dək davam edəcək yay turizm mövsümündə ölkəmizə gələn turistlərin sayında ciddi artımın gözlənilməsi bir sıra amillərə söykənir. Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülüb. Son illər ərzində ölkəmizdə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir.
Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb.
Hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər". Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sektoruna ayırdığı diqqətin nəticəsidir.
Dünya təcrübəsində müalicəvi əhəmiyyəti olan və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri və kurortlar inşa edilir. Ölkəmizdə də müalicə-sağlamlıq turizminin inkişafı üçün də təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları və s. Azərbaycanının səhiyyə turizminin geniş şəkildə dünya məkanına çıxarılmasında əsas faktorlardır. Palçıq vulkanları ərazilərinin böyük turizm potensialı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı tədbirlər davam etdirilir. Görüləsi işlər hələ olsa da, amma bu sahədə artıq kifayət qədər böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatına neft sektorundan gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcək turizmin inkişafına ayrılan diqqətin və görülən işlərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında artım nəzərə çarpacaqdır. Statistik rəqəmlərə diqqət yetirsək, görərik ki, ötən ilin may ayında ölkəmizə 174 min turist gəlibsə, bu ilin mayında bu rəqəm 211 mindir. Ötən ilin 5 ayı ilə müqayisə etsək, tamamilə fərqli rəqəmi görmüş olacağıq. Belə ki, ötən ilin 5 ayı ərizində ölkəmizə gələn turistlərin sayı 768 min nəfəri təşkil edib. Cari ilin 5 ayında isə 956 min turist ölkəmizə səfər edib. Təbii ki, statistik rəqəmlər ölkəmizdə turizmin inkişafı üçün bütün imkanların mövcudluğuna dəlalət edir. Azərbaycanın turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatların, ölkənin əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması, sabitlik və əmin-amanlığın hökm-sürməsi də bu amillər sırasındadır. Dövlət başçısı çıxışlarının birində bildirib ki, hər bir ölkə, xüsusilə, Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkənin mütləq turizmi inkişaf etdirməlidir: "Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur".

Nəzakət ƏLƏDDİNQIZI