Sosial

  • 4 236

Ölkəmizə səfər edən turistlərin sayı ilbəil artır

image

Son illər ölkəmizdə turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanın turizm ölkəsi kimi dünyada tanıdılmasında böyük rol oynayıb. Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar paytaxt Bakıda, eləcə də, bölgələrdə ildən-ilə yüksələn turizm müəssisələrinin fəliyyətini artırıb, həm yerli, həm də xarici turistlərin sayının artmasına səbəb olub.

Ölkəmizin zəngin turizm potensialı ilə seçilməsi, təbiəti, tarixi abidələri ilə çox zəngin olması da buraya istirahət üçün üz tutan turistlərin sayında ilbəil artımla müşahidə olunur. Bu bölgələrdən biri olan İsmayıllı rayonu ərazisində Girdiman, Ax-Ox və Göyçay çayları, Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, Qaranohur və digər təbii göllər olduqca valehedicidir. İsmayıllının ərazisində 223 tarix və mədəniyyət abidəsi mövcuddur. Bu abidələrdən olan - Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu dünya, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 70-dən çox tarix və mədəniyyət abidəsi isə yeni aşkar edilib. Bütün bunlar həm yerli, həm də xarici turistlər üçün də maraqlı və cəlbedicidir. Dövlət qayğısı turizm üçün böyük potensialı olan bölgədə bu sahənin inkişafına güclü təkan verib. Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün də geniş imkanlar mövcuddur. Azərbaycanın təkcə bir bölgəsi deyil, digər bölgələri də turizm zənginliyi ilə seçilir. Məhz bunun nəticəsidir ki, elə bu ilin yanvar-iyun aylarında İsmayıllı, eləcə də, Qəbələ, Şamaxı və Qobustan rayonlarına, ümumilikdə, 157 min 502 turist səfər edib. Bunlardan 99 min 694-ü yerli, 57 min 808-i isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.
Cari ilin beş ayında Naftalan şəhərinin kurort-sanatoriya və istirahət mərkəzləri 8 min turist qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1808 nəfər çoxdur. Həm balneoloji neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.
Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya Respublikası, Qazaxıstan və digər MDB, eləcə də, Avropa, Orta Asiya və ərəb ölkələrindən olan turistlər təşkil edib.

NƏZAKƏT

Digər xəbərlər