DSMF-nin gəlirləri 9,1 faiz artıb

Həmin dövrdə Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərində artım 8,7 faiz təşkil edib

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sistemli islahatlar ölkəmizdə uğurlu iqtisadi şaxələndirmə şəraitində sosial-iqtisadi inkişaf proseslərinin davam etməsinə imkan verərək, respublikamızın müasir standartlara cavab verən sığorta-pensiya sistemində də müsbət nəticələrin əldə olunmasına şərait yaradıb.ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bunun növbəti təzahürü kimi, cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz və ya 167,4 milyon manat artaraq 2000,7 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 faiz artaraq 1183,2 milyon manat təşkil edib.Daxilolmaların 63,9 faizi və ya 755,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz və ya 75,9 milyon manat çoxdur və beləliklə də proqnoz 105 faiz icra olunub. Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6 faiz təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.Xatırladaq ki, ölkəmizdə əmək pensiyaçılarının sayı 01 iyul 2017-ci il tarixinə 1 milyon 325 min nəfər təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır. Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən 6,6% faiz artaraq 01 avqust 2017-ci il tarixə 3 milyon 512 min 269 nəfərə catıb.2017-ci ilin 01 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması sığortaedənlər tərəfindən hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsinə, hesabatların sayının azaldılmasına, nəticə etibarilə sosial sığorta sahəsində iş mexanizminin daha da təkmilləşməsinə imkan verib.

sia.az