Sosial

  • 21 099

Dulusçuluq sənəti bu gün də Naxçıvanda yaşadılır

image

Dulusçuluq qədim sənətkarlıq növü kimi xalqımızın məişətində mühüm yer tutub. Qədim dulusçuluq nümunələrinin tapıldığı yerlər arxeoloq alimlər tərəfindən oturaq həyatın və şəhər mədəniyyətinin məkanı kimi yüksək qiymətləndirilir. Muxtar respublikamızda da arxeoloji qazıntılar zamanı tapılan müxtəlif dulusçuluq nümunələri də sübut edir ki, bu sənət növü qədim dövrlərdən bəri Naxçıvanda yüksək səviyyədə inkişaf edib. Ona görə də xalqımızın tarixi keçmişini əks etdirən bu sənətin yaşadılması diqqət mərkəzində saxlanılır.Bu gün Naxçıvanda dulusçuluq sənətini yaşadanlardan biri Elnur Əliyevdir. Elnur usta uşaq vaxtlarından bu sənətə maraq göstərib. Onunla söhbət zamanı qeyd edir ki, ilk başda balaca qablar, çölməklər hazırlayırmış. Daha sonra “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Masallı şəhərindən dəvət olunan usta Cəsarət Nuriyevdən bu sənətin sirlərinə yiyələnib və artıq iki ilə yaxındır, sərbəst fəaliyyət göstərir. İndi daha o, böyük çölməklər, səhənglər və samovarlar da hazırlamaqda püxtələşib.Bu sənətin çox zəhmət tələb etdiyini deyən dulusçu qeyd edir ki, saxsı qab həm keyfiyyətli, həm də sağlamlıq üçün tam zərərsizdir. Belə ki, zaman keçdikcə məişətimizə, mətbəximizə sənaye üsulu ilə hazırlanan mis, alüminium, keramik qablar daxil olsa da, saxsı qablar heç vaxt dəbdən düşməyib. Ona görə də dulusçuluq çətin peşə olsa da, heç zaman əhəmiyyətini itirməyən, gərəkli olan sənət növlərindəndir. Bu sənətin sirlərindən həvəslə söz açan usta bildirir ki, burada əl əməyi əsas rol oynayır. İlk olaraq keyfiyyətli saxsı qab hazır¬lamaq üçün gərək yaxşı material əldə olunsun. Bunun üçün o, xammal kimi Babək rayonunun Nehrəm və Uzunoba kəndləri ərazisindən gətirilmiş gilli torpaqlardan istifadə edir. Əldə olunmuş keyfiyyətli gil əvvəlcə əllə yaxşıca yoğurulur. Bu işi palçıq ustası yerinə yetirir. Yoğurma işi iki-üç saatadək davam edir. Yoğurulmuş gil kiçik kündələrə ayrılır. Daha sonra palçıq kündə ayaqla fırladılan çarxın üzərinə qoyulur və usta ovcunun, əllərinin köməyi ilə gil parçasını saxsı qaba çevirir. Zövqə uyğun olaraq bu qablara müxtəlif forma vermək, kənarlarına naxış vurmaq mümkündür. Hazırlanmış saxsı qablar bir neçə gün qurudulduqdan sonra kürədə bişirilmək üçün yığılır. Saxsı qabın keyfiyyətli olması üçün bütün bunlara diqqətlə əməl edilməlidir.Saxsı qabı qurudanda da diqqətli olmaq lazımdır. O, kölgədə qurudulmalıdır. Dulusçuluq məmulatları iki həftə sərin yerdə qurudulduqdan və sobada 1200 dərəcədə bişirildikdən sonra hazır məhsula çevrilir. Hətta bişəndən sonra da qablar bir gün sobada qalır. Əks halda, çatlaya bilər.Elnur usta deyir ki, muxtar respublikamızda dulusçuluq məmulatlarına bu gün də tələbat var. Novruz bayramında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində məhsulları sərgiyə çıxandan sonra saxsı qablara maraq daha da artıb. Hazırda bu məhsulların “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Cahan” Ticarət Mərkəzinin mağazalarında satışları təşkil olunur. O, alıcılardan xahiş edir ki, ilk aldıqları saxsı çölməklərin içində əvvəlcə süd bişirsinlər. Həm də zəif odda. Əgər belə olsa, bu qabların 60 ildən çox ömrü olar. Saxsı qabda bişən yemək də dadlı olur. Bu qablardan su qabı kimi istifadə edilərsə, o, suyu çox sərin saxlayır, suda olan duzları təmizləyir.Dulusçu Elnur Əliyev öz sənətindən çox razıdır. O, adicə gildən hazırladığı güldanlara, dibçəklərə, çölməklərə, su qablarına, səhəng və samovarlara baxanda, sanki bir daha keçmişə qayıdır.Sevinirik ki, qədim tarixi nümunələrimiz belə sənətkarların əməyi ilə bu gün də yaşadılır.

sia.az

Digər xəbərlər