Sosial

  • 5 970

Nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib

image

Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib. SİA-nın məlumatına görə, rəsmi qarşılanma mərasiminin ardınca qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olub. Kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov nümayəndə heyətinə Mingəçevir Turizm Kollecinin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurları, beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat veriib.Ardınca foyedə xüsusi monitor vasitəsilə Azərbaycan-Rusiya siyasi və mədəni əlaqələrindən, həmçinin Azərbaycanın turizm özəlliklərindən bəhs edən videoçarxa baxış keçirilib. Daha sonra hər iki kollec rəsmilərinin iştirakı ilə rəsmi qəbul düzənlənib. Müzakirələr zamanı əməkdaşlığın perspektivləri və gözləntilər barədə fikir mübadiləsi aparılıb. Mütərəqqi tədris metodlarının paylaşılması və tətbiqi, turizm sənayesi üçün kadr hazırlığı prosesinə dəstək verə biləcək addımların atılması, pedaqoq və tələbə mübadiləsinin əhəmiyyəti və digər vacib məsələlər nəzərdən keçirilib.Müzakirələrin ardınca Rusiyalı qonaqlar Mingəçevir Turizm Kollecini gəzib dolaşaraq təhsil ocağının maddi texniki bazası, tədris imkanları, müasir informasiya texnologiyaları ilə təmin olunmuş laboratoriya, fənn kabinələri və auditoriyaları ilə yaxından tanış olub. Tanışlıq zamanı Sankt -Peterburqlu təhsil işçiləri kollecin pedaqoq və tələbələri ilə həmsöhbət olaraq qarşılıqlı şəkildə arzu və istəklərini paylaşıb.İdeoloji kabinetdə pedaqoq və tələbələrlə qonaqların baş tutan görüşü də unudulmaz anlarla tarixləşib. Öncə professor Əyyub Əyyubov xüsusi slayd vasitəsilə Mingəçevir Turizm Kollecini əhatəli şəkildə qonaqlara təqdim edib. O, Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci ilə əməkdaşlıqdan kollektiv olaraq böyük fayda götürəcəklərinə əmin olduğunu bildirib. Dəyərli elm adamının fikrincə təcrübə mübadiləsi kadr hazırlığına növbəti güclü təkan verəcək. Bu minvalla hər iki təhsil müəssisəsi Azərbaycan və Rusiya hüdudlarında təhsil, mədəniyyət və turizmin inkişafına önəmli töhfə vermiş olacaq. Əyyub Əyyubov Azərbaycan və Rusiya dövlətləri arasında mövcud olan strateji münasibətlərin təhsil işçiləri önündə yeni perspektivlər açdığını xatırladaraq bu imkanlardan faydalanmağın vacib olduğunu xüsusi qeyd edib.Görüb duyduqlarından zəngin təəssürat aldıqlarını bildirən Rusiya nümayəndə heyətinin üzvləri əməkdaşlıqdan xeyli məmnun olduqlarını iştirakçıların diqqətinə çatdırıb. Andrey Bardaşeviç və Lyudmila Kuznetsova çıxışında heyranlığını gizlətməyib: “Azərbaycana ayaq açdığımız ilk andan ta bu andək gördüyümüz gözəlliklər, müasirlik, qonaqpərvərlik, elmə, təhsilə, mədəniyyətə, turizmə olan münasibət bizi heyran buraxıb. Özəlliklə də Mingəçevir Turizm Kollecinin mövcud imkanları və perspektivləri doğru zamanda, doğru ünvanda olduğumuzu söyləməyə imkan verir. “Təmsil etdikləri Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci barədə iştirakçıları ətraflı məlumatlandıran qonaqlar əməkdaşlıqdan hər iki tərəfin gərəkli fayda götürəcəyindən əminlik vurğulayıb. Ardınca hər iki tərəf arasında xatirə hədiyyələri paylaşılıb. Görüş tələbə özfəaliyyət qrupu fəallarının nümayiş etdirdiyi bədii proqramla davam etdirilib.Qeyd edək ki, Sankt-Peterburqlu təhsil işçilərinin Mingəçevirə səfəri ərzində hər iki kollec təmsilçiləri arasında gələcək əməkdaşlıq məsələlərinin əsas istiqamətləri barədə dərin müzakirələr aparılaraq konkret hədəflərin müəyyən edilməsi nəzərdə tutulub. Eyni zamanda qonaqların Mingəçevirin görkəmli yerlərinə və şəhərə bitişik bölgələrin səfalı guşələrinə ekskursiyaları təşkil olunub.

sia.az

Digər xəbərlər