Sərgidə 20 ölkədən 192 şirkət iştirak edəcək TƏDBİR

“Bakutel-2017” sərgisində 20 ölkədən 192 şirkət iştirak edəcək. SİA xəbər verir ki, bu barədə dekabrın 4-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib.O bildirib ki, dekabrın 5-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi və konfransı işə başlayacaq və bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək. “Bakutel 2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.Məlumat verilib ki, iştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil və rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri, eləcə də teleradio yayım şirkətləri yer alacaq. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil IT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edəcək. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında “BMC Software”, “Hikvision”, “Qmatic”, “Nexus Telecom” və digər yerli şirkətlər var.Qeyd edilib ki, “Bakutel 2017” sərgisində Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunacaq. Bu ölkələrin tədbirdə iştirakı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.Bu il dünyanın 10 ölkəsi – Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.Diqqətə çatdırılıb ki, sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.Sərginin işgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı, “E-Hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı, “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı, “V Regional İnternet İdarəçilik Forumu”, “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək.Həmçinin “Bakutel-2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçiriləcək. Konfrans çərçivəsində çıxışlar və sərgidə iştirak edən aparıcı şirkətlərin, o cümlədən “Agile”, “Comfort International”, “Elcore Group”, “Microsoft Azerbaijan”, “Huawei”, “Bestcomp Group”, “Nokia”, “Softline”, “SMART Business” və sair şirkətlərin məhsul, xidmət və layihə təqdimatları olacaq.Sərginin birinci və ikinci günlərində “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər zamanı sərgi iştirakçıları və peşəkar ziyarətçilər biznes əlaqələri üçün əlavə imkanlar əldə edəcəklər. Bununla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir. Foyedə “Photobox” aparatı quraşdırılacaq və arzu edən ziyarətçilər bu aparatın köməyilə fotoşəkil çəkdirə və yerindəcə çap olunan fotoşəkili e-poçt ünvanına göndərə və ya sosial şəbəkələrdə paylaşa bilər. Sərgi kompleksinin ikinci zalında isə Oyun zonası yerləşir. Burada yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” tərəfindən hazırlanmış, eləcə də “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar təqdim olunacaq.Foyedə “Caspian Event Organisers” şirkətinin daimi tərəfdaşı - “Aqil və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunacaq. Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Ağıl və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirəcəklər.Sərgi haqqında ətraflı məlumat “www.bakutel.az” saytında yerləşdirilib.

sia.az