Salyanda dörd kənd məktəbinin qazanxanasına “mavi yanacaq” verilib

Salyanda dörd ümumtəhsil məktəbin qazanxanasına yeni qaz xətti çəkilib, istilik sistemləri işə salınıb.Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yeni qaz verilmiş Boranıkənd, Dayıkənd, Qaraçalar və Yolüstü kənd məktəb binaları bir neçə il bundan əvvəl tikilib istifadəyə verilsə də qaz xətti çəkilmədiyindən qazanxanaları istifadəyə vermək mümkün olmayıb. Bu da payız-qış aylarında məktəblərin qızdırılmasında çətinliklər yaradıb.Boranıkənd ümumi orta məktəbinin direktoru Rəsul Quliyev deyib: “35 müəllimin çalışdığı, 262 şagirdin təhsil aldığı məktəbimiz 2013-cü ildə tikilib istifadəyə verilib. Məktəbdə qaz xətti olmadığından o vaxt istilik sistemini istifadəyə vermək mümkün olmadı. Bu da sinif otaqlarının qızdırılmasında çətinliklər yaradıb. Artıq bu problem öz həllini tapıb. Bir neçə gündür ki, qazanxanaya qaz xətti çəkilərək istilik sistemi işə salınıb”.Kənd məktəbləri ilə yanaşı Salyan şəhər 6 və 9 nömrəli tam orta məktəblərinin qazanxanası da işə salınıb. Bununla da rayonda fəaliyyət göstərən 55 ümumtəhsil məktəbinin 23-ü qazla işləyən istilik sistemi ilə qızdırılır.
AZƏRTAC