Sosial

  • 6 556

Azərbaycandakı sabitlik turist axınını artırıb

image

Azərbaycanın günü-gündən inkişaf etməsi, ölkəmizdəki sabitlik, multikultural dəyərlərə sadiqlik, qonaqpərvərlik nümunəsi ölkəmizə gələn turistlərin sayında müsbət dəyişikliklərin baş verməsinə səbəb olub. Hər il turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Azərbaycanda inşa olunan yeni turizm obyektləri, infrastruktur, otellər, əyləncə yerləri, gəzməli-görməli məkanlar, müalicə turizmi imkan verir ki, xarici qonaqlar istirahət üçün ölkəmizi seçsin. Bəzi beynəlxalq qurumların qərəzli hesabatlarından fərqli olaraq bu gün Azərbaycanda mövcud olan sabitlik turizm axınına səbəb olub. Bakıya axın edən turistlərin sayı artır. Onların asudə vaxtlarının səmərəli təşkili hər zaman diqqət mərkəzində olub.Hazırda ölkəmizdə 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri fəaliyyət göstərir. Mədəni-tarixi irsə və əlverişli təbii şəraitlərə malik ölkəmizdə turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s. növləri daha da genişləndirilib.SİA-ya bir neçə turizm şirkətləri ilə əlaqə saxlayaraq, Azərbaycana gələn turistlərin artımı ilə bağlı maraqlanıb.Turizm şirkətlərindən verilən cavabları təqdim edirik:
"Rüzgar Turizm" şirkətinin nümayəndəsi: "Bildiyiniz kimi, Azərbaycan günü-gündən gözəlləşir. Buna görə də Bakıya turist axını çoxalıb. Turizm sahəsində aparılan islahatlar, ölkəmizdə keçirilən beynəlxalq görüşlər, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın dünyada tanıdılmasına yardımcı olur. Bu strategiya sayəsində cari ildə respublikamıza gələn turistlərin sayında müsbət dinamika müşahidə olunub. Ölkəmizə daha çox Rusiyadan və Birləşmiş Ərəb Əmirliklərindən turistlər gəlirlər. Turizm mərkəzimiz 2017-ci ildə Bakıya aviabiletlərin satışında böyük dəyişiklik hiss edib. Belə ki, ötən il turizm mərkəzimiz müşahidə edib ki, Azərbayacana gələn turistlərin sayında 70 % artım var".
“Şahdağ” Turizm Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva: "“Şahdağ” Turizm Mərkəzi qış mövsümünə tam hazırdır. Turistlərin asudə vaxtlarını xoş keçirmələri üçün bir çox əlverişli şərait yaradılıb. Artıq 11 xizək lifti və 13 sürüşmə yamacı bütün xizək və snoubord sürmə, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi insanların ixtiyarına verilib.Son iki ildə respublikamıza, eləcə də mərkəzimizə ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb. Bu turistlər sırasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Qətər, Pakistandan, Rusiyadan olan qonaqların sayı çoxluq təşkil edir. Buna səbəb ölkəmizdəki sabitlik, tolerantlıq və qonaqpərvərlikdir".Qeyd edək ki, 2017-ci ilin birinci yarısında Azərbaycana 1 milyon 200 minə yaxın turist, daha dəqiq 1 199 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 497 nəfər) 24 faiz çoxdur.Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən ölkəmizə 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.Cari ildə Azərbaycana səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.Regionlar üzrə isə MDB ölkələri (12%), Avropa İttifaqı ölkələri (13%) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

sia.az

Digər xəbərlər