KİV nümayəndələri ADU-da imtahan prosesini izlədi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin payız sessiyasının gedişatını izləmək məqsədilə KİV nümayəndələrinin iştirakı ilə media tur təşkil olunub. SİA-nın xəbərinə görə, media turda “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, internet saytların rəhbərləri və digərləri iştirak ediblər.

Media turdan öncə jurnalistlərin suallarını cavablandıran universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev bildirib ki, imtahanlar 2017-ci ilin dekabrın 29-dan başlayıb, əyani şöbədə cari ilin fevralın 5-nə, qiyabi şöbədə isə fevralın 8-dək davam edəcək: “6500 tələbənin hər biri 5 imtahan verməklə ümuumilikdə 30 min imtahan keçiriləcək. 3 binadan ibarət olan ADU-da imtahanlar yazılı şəkildə olmaqla iki növbədə təşkil olunur. Ali təhsil ocağı 770 professor-müəllim heyəti daxil olmaqla 1200 işçiyə malikdir”.Daha sonra Media nümayəndələri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər.Media-turdan sonra KİV nümayəndələri ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ilə görüşüblər. Rektor qonaqlara media-turda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, müasir medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. Rektor daha sonra universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb.KİV nümayəndələri görüş zamanı imtahan prosesinin təşkili və gedişatı ilə bağlı razılıqlarını ifadə edərək, bu cür turların keçirilməsinin universitetlə cəmiyyət arasında sağlam münsaibətlərin formalaşmasında mühüm olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.Qeyd edək ki, imtahan sessiyası mövcüd normalara uyğun təşkil olunub. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fən müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işilər aparması, eyni zamanda sessiyanın obyektiv qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakı təmin edilib.Məlumat üçün nəzərinizə çatdıraq ki, ADU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir.

sia.az