Sosial

  • 4 157

İslamabadda xəbər agentliklərinin beynəlxalq konfransı keçirilib

image

Pakistan İslam Respublikasının müstəqilliyinin 70-ci ildönümü ilə əlaqədar İslamabad şəhərində xəbər agentliklərinin beynəlxalq konfransı keçirilib. “Pakistan mediası-çağırışlar və fürsətlər” mövzusuna həsr edilmiş konfrans Associated Press of Pakistan agentliyi (APP) tərəfindən təşkil olunub. İyirmi ölkənin xəbər agentliklərinin nümayəndələrinin qatıldıqları konfransda AZƏRTAC-ın redaksiya müdiri Günel Məlikova da iştirak edib.Konfransın açılışında çıxış edən APP-nin baş direktoru Məsud Malik tədbirin mövcud əməkdaşlığın gücləndirilməsinə, yeni əlaqələrin qurulmasına və informasiya cəmiyyətinin aktual problemlərinin həllinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Baş direktor, həmçinin konfransın iştirakçılarının Pakistanın siyasi, sosial, iqtisadi, mədəni həyatı ilə tanış olacaqlarını, eləcə də ölkənin terrorizmlə mübarizədə gördüyü işlər barədə məlumatlar əldə edəcəklərini söyləyib.Pakistanın informasiya və yayım naziri xanım Marriyum Aurangzeb ünsiyyətdən məhrum olan medianın heç bir nəticə əldə edə bilməyəcəyini vurğulayıb. O deyib ki, münaqişələrin həlli üçün dialoq vacibdir və media bu məsələdə səmərəli vasitəçi ola bilər. Nazir konfransda iştirak edən media nümayəndələrini bununla bağlı təkliflər səsləndirməyə çağırıb. Marriyum Aurangzeb medianın müxtəlif millətlərin mədəniyyətlərini, hər bir cəmiyyətin əsas dəyərlərini təbliğ edən ən böyük vasitə olduğunu söyləyib.Pakistan Yayım Korporasiyasının direktoru Şafqat Cəlil ölkə mediasının vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, Pakistan hökuməti ölkədə informasiya əldə etmək azadlığının təmini üçün zəruri şərait yaradıb. Direktor son vaxtlar bütün dünyada mediada etik davranış qaydalarının pozulması hallarının artmasının narahatlıq doğurduğunu söyləyib, bununla bağlı tədbirlərin görülməsinin önəmini qeyd edib.Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Xan Janjua “Pakistanın regional və qlobal cəmiyyətdə rolu” mövzusunda məruzə ilə çıxış edib. O, ölkələr arasında əməkdaşlığın, qarşılıqlı hörmət və sülh şəraitində birgəyaşayışın təşviq edilməsinin, münaqişələrin aradan qaldırılmasının, terrorizmə qarşı qətiyyətli mübarizə aparılmasının önəmini bildirib. Nasir Xan Janjua Pakistanın terrorizmlə mübarizədə xeyli itki verdiyini deyib. O, Pakistanın bütün qonşuları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı hörmət və sülh şəraitində yaşamasına çalışdığını bildirib.Sonra konfrans işini “Sosial medianın təkmilləşdirilməsi”, “İnformasiya təhlükəsizliyinin təmin olunması”, “Rəqəmsal dövrdə xəbər agentliklərinin rolu və qarşılıqlı münasibətlər”, “İqtisadi əlaqələr və bu işdə medianın rolunu təmin etmək üçün atılacaq addımlar” mövzularında plenar iclaslarla davam etdirib.

sia.az

Digər xəbərlər