Sosial

  • 4 141

Beynəlxalq elmi konfrans öz işinə başlayıb

image

İyunun 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci illiyinə həsr olunan “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans işə başlayıb. SİA-nın xəbərinə görə, tədbir Heydər Əliyev Fondu və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.Rusiyanın tanınmış filosoflarının iştirak etdiyi tədbiri giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb. O, ənənəvi olaraq keçirilən konfransın ilk dəfə 10 il öncə Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirib. Multikulturalizmin dövlət siyasətinə çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən alim vurğulayıb ki, dahi liderin zəngin irsi dünya filosoflarını bir araya gətirir.Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir.Ulu öndər Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışan alim dahi liderin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənasının olduqca dərin olduğunu vurğulayıb.Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu deyən AMEA-nın vitse-prezidenti ölkəmizdə çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif dinlər və irqlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü qeyd edib. Vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir.Akademik İ.Həbibbəyli diqqətə çatdırıb ki, əsası ümummilli lider tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.Sonra Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov çıxış edərək mədəniyyətlərin dialoqunda fəlsəfənin xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, mədəniyyətlərin dialoq rejimində qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. Fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq üçün intellektual zəmin yaradır.Tədbirdə “Qlobal dünyanın dəyər və etik tərkibi”, “Mədəniyyətlərarası dialoq: fəlsəfi ənənələr və müasirlik”, “Mədəniyyət fenomeni”, “XXI əsrin etnomilli və dini tarixi ümumvəhdət fəlsəfəsi işığında”, “Qloballaşan dünyada fəlsəfə zəkası”, “Azərbaycan-Rusiya: koevalüsyon refleksiv-aktiv mühitin formalaşması imkanları”, “Mədəniyyətlərin dialoqunun mədəniyyəti” və “Fəlsəfə tarixinin fəlsəfəsi” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.Çıxışlarda Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası, Azərbaycanda multikulturalizm və tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyi, mədəniyyətlərarası dialoqda fəlsəfənin rolu kimi məsələlər əksini tapıb.Ənənəvi “Əliyev qiraətləri” çərçivəsində təşkil olunan konfrans iyunun 5-də Fəlsəfə İnstitutunda işini davam etdirəcək.

sia.az

Digər xəbərlər