Sosial

  • 5 711

"Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yaddaşımıza qaytarılır"

image

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yaddaşımıza qaytarılır” mövzusunda tədbir keçirib. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid Türkiyədə saxlanılan çox qiymətli arxiv sənədlərinin - əlyazmaların, kitabların, jurnalların, xəritələrin sosiologiya elmləri doktoru Əfqan Vəliyev tərəfindən kitabxanaya təqdim edilməsi münasibətilə təşkil olunub.Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova AXC-nin 100 yaşının tamam olduğu ildə bu cür qiymətli arxiv sənədlərinin kitabxanaya təqdim edilməsini kollektivə göstərilən yüksək etimad kimi dəyərləndirib. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin tövsiyəsinə əsasən sənədlərin MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcəyini vurğulayıb.Sonra çıxış edən Ə.Vəliyev diqqətə çatdırıb ki, 1918-ci il dekabrın 7-də AXC parlamentinin açılış iclasında salona gətirilən üçrəngli bayrağı bolşeviklər 1920-ci il aprelin 27-də endiriblər. O, bayrağın və AXC-yə aid əhəmiyyətli arxiv sənədlərinin qorunub saxlanılmasından, bu şərəfli işi böyük zəhmət hesabına həyata keçirən Mirzə Bala Məmmədzadənin keşməkeşli həyatından danışıb. Bildirilib ki, bolşevik təqibindən çətinliklə qurtulub Vətəni tərk etməyə müvəffəq olan Mirzə Bala Məmmədzadə İrandan keçərək bu müqəddəs əmanəti Türkiyəyə çatdırmağı bacarıb.Qiymətli arxiv sənədlərinin MEK-ə verilməsinin əhəmiyyətini şərh edən Ə.Vəliyev Azərbaycanın kitabxana və arxivlərində yer alan zəruri sənədlərin vahid mərkəzdə toplanmasının vacibliyini vurğulayıb.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli kitabxanaya təqdim edilən arxiv sənədlərinin oxucular və tədqiqatçılar üçün geniş imkanlar yaratdığını bildirib. Qeyd edilib ki, AXC-nin irsi olan, tariximizi və dəyərlərimizi təsdiqləyən bu sənədlərin qorunması soydaşlarımızın, Türkiyə vətəndaşlarının böyük əziyyəti sayəsində başa gəlib.Qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyəti tarixini araşdırarkən mühacirlərlə münasibətdə qazandığı etimad nəticəsində əldə etdiyi arxiv və 1918-1920-ci illərdə Azərbaycan Parlamentində asılan bayraq Ə.Vəliyev tərəfindən Azərbaycana gətirilib. Bayraq Ə.Vəliyev tərəfindən 24 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədova təhvil verilib.

sia.az

Digər xəbərlər