Sosial

  • 5 005

“Naxçıvan” jurnalının növbəti sayı AXC-nin 100 illiyinə həsr olunub

image

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 25 yanvar 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nına əsasən hazırlanan nəşrin bu sayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, jurnalın ilk səhifələrində Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamları, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı, Tədbirlər Planı və Ali Məclis Sədrinin yubileylə bağlı keçirilən tədbirdə çıxışı verilib.Vəsaitdə 100 illik tarixə malik Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik illərinə qədər geniş araşdırılmayan Naxçıvan əlaqələri məsələləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri və rolu” və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı tədqiqat materiallarında işıqlandırılıb.Məqalədə o dövrdə Naxçıvanda ictimai-siyasi vəziyyətin çox mürəkkəb və ağır olduğu, habelə ölkədə baş verən hakimiyyət dəyişiklikləri, Naxçıvana ərazi iddiaları irəli sürən Ermənistanın ardıcıl hücumları, bu bölgənin aborigen sakinləri olan müsəlman-türk əhalisinin soyqırıma uğradılması, qaçqınlıq problemi, Azərbaycanın əsas hissəsi ilə əlaqələrin süni surətdə kəsilməsi və digər məsələlərdən söz açılır.Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirilməsi, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi kömək göstərilməsi faktlarla göstərilir. Eyni zamanda Naxçıvan Milli Komitəsinin Naxçıvanı qorumaq uğrunda fəaliyyəti, erməni daşnaklarına qarşı mübarizə, Osmanlı dövləti ilə əlaqələr, bölgədə yaradılan Araz-Türk Respublikası, Rusiya, İngiltərə və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılıb.Nəşrdə Naxçıvan əhalisinin erməni təcavüzünə qarşı mübarizədə rolunu yüksək qiymətləndirilən tarixi faktlar, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin, o cümlədən erməni liderlərinin etirafları oxucuların diqqətinə çatdırılır. Göstərilir ki, xüsusilə Naxçıvan əhalisinin mərdlik və igidliyi, qəhrəmanlığı, apardıqları mübarizələr, göstərdikləri müqavimətlər ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı niyyətlərinin reallaşmasına imkan verməyib.Jurnalda arxiv sənədləri, məktub, teleqram və məlumatlar “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, müxtəlif illərdə mətbuatda və nəşrlərdə çıxan məqalələr isə “Naxçıvan 1918-1920-ci illərdə” başlığında öz əksini tapır.Vəsait Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan əlaqələrinin öyrənilməsində dəyərli mənbədir.

sia.az

Digər xəbərlər