Sosial

  • 4 046

Naxçıvanda fotoovçuluq turlarının arealı genişlənir

image

Hər il Naxçıvana dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayı getdikcə artır. Son vaxtlar muxtar respublikaya gələn turistlərin bəziləri fotoovçuluğa böyük maraq göstərirlər.Naxçıvan Turizm İnformasiya Mərkəzinin əməkdaşı Pəri İbrahimova AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində qeyd edib ki, muxtar respublikada fotoovçuluğun inkişafı üçün hərtərəfli şərait var. Onun sözlərinə görə, bu gün dünyada geniş yayılmış ekoturizmin növlərindən biri olan safari turizmi ovçuluq, fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil edilən turizm yarımnövü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotoovçuluğa istiqamətləniblər. Fotoovçuluğu bədii dillə “sakit ov” da adlandırırlar. O, turistlərə təbiətə ziyan vurmadan istirahət etmək şəraiti yaradır.Pəri İbrahimova ötən il Almaniya vətəndaşı Kai Qauqerin rəhbərliyi ilə Almaniya, Avstriya, Danimarka və Böyük Britaniyadan olan tədqiqatçıların Naxçıvan Muxtar Respublikasındakı quş növlərini görmək üçün burada səfərdə olduqlarını da xatırladıb. Kai Qauqerin www.birdingaze.blogspot.com internet səhifəsində yerləşdirdiyi Naxçıvan səfəri barədə hesabatdan aydın olur ki, tədqiqatçılar Haçadağ ətrafını, Batabat yaylağını, Nehrəm dağlarını, eləcə də Darıdağ ərazisini gəzib-dolaşıblar. Burada aladöş çərənçi, qırğıyaoxşar pöhrəçil, kiçik qartal, saqqallı leşyeyən, Berqut qartalı, ağboğaz bülbül, böyük qayalıq sittası və bezoar keçilərini müşahidə ediblər. Kai Qauqer bütün bunları Naxçıvanda keçirdikləri mükəmməl gəzintinin gözəl nəticəsi kimi qiymətləndirib.Tur zamanı muxtar respublikanın füsunkar təbiətini, flora və faunasını, möhtəşəm təbiət abidələrini, biomüxtəlifliyini əks etdirən fotolar çəkilib sosial şəbəkələrdə paylaşılıb.Onun sözlərinə görə, fotoovçuluq sənəti xüsusi bacarıq və texniki avadanlıq tələb edir. Lentə alınmış şəkillər sayəsində insanlar istənilən məkan ilə daha yaxından tanış olmaq imkanı qazanırlar. Bu isə muxtar respublikamızın tanıdılması baxımından əla fürsətdir. Muxtar respublikada səfərdə olmuş turistlərin rəyləri və müxtəlif elektron resurslar vasitəsilə bölüşdükləri təəssüratlar gələcəkdə Naxçıvanda fotoovçuluq turlarının arealının genişlənəcəyindən xəbər verir.“Muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə altındadır. Hazırda Naxçıvanda Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, “Arpaçay”, “Arazboyu”, Ordubad Dövlət Təbiət yasaqlıqları və Şahbuz Dövlət Təbiət Qoruğu fəaliyyət göstərir. Bu ünvanlar həm də qədim Naxçıvanın zəngin flora və faunası haqqında geniş bilgilər vermək baxımından diqqəti çəkir”, - deyən Naxçıvan Turizm İnformasiya Mərkəzinin əməkdaşı bildirib ki, həmin ərazilər ölkəmizin digər bölgələrindən gələn qonaqların və xarici turistlərin cəlb edilməsində mühüm rola malikdir. Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri bəhrələrini verməkdədir. Belə ki, həmin tədbirlər əvvəllər sayı tükənməkdə olan bezoar dağ keçilərinin, muflonların sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması şəraitinin formalaşmasına stimul verib. Güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb. Son illərdə muxtar respublika ərazisində dünyada nadir növlərdən olan bəbirlər müşahidə olunur. 2016-cı ildə Naxçıvan ərazisində bəbir ailəsinin qeydə alınması bu növlərin muxtar respublikanın ərazilərində mövcudluğunun sübutudur. Bütün bunlar fotoovçuları daha çox cəlb edir.

AZƏRTAC

Digər xəbərlər