Sosial

  • 3 856

Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub

image

ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Los-Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.
Təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuş stenddə ölkəmiz haqqında müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələri, turizm imkanları, eyni zamanda, zəngin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat əldə ediblər. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş olunub. Bundan başqa, Los-Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz, milli mətbəximizdən nümunələr sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.
Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları da cavablandırılıb.
Qeyd olunmalıdır ki, stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Kilsəsi kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən şəkillər əks olunub. Həmçinin baş konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi də qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

yap.org.az

Digər xəbərlər