Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib

Londonda “Senate Publishing” çap evində nəşr edilən “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Böyük Britaniya Birləşmiş Krallığının Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Lordlar Palatasının üzvləri, BP və SOCAR rəsmiləri, Azərbaycanın Böyük Britaniyadakı səfiri, Birləşmiş Krallığın Azərbaycandakı səfiri, diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Böyük Britaniya Lordlar palatasının üzvü və “Senate Publishing” çap evinin sahibi Lord David Evans iki ölkə arasında mövcud səmimi münasibətlərin tarixindən danışıb. Həmmüəllifi olduğu “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu cür kitabların çap edilməsi Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, gənc nəslin bu barədə daha da dolğun məlumat almasına xidmət edir. O, həmçinin qeyd edib ki, SOCAR-ın 7 ildir Böyük Britaniya parlamentində müxtəlif tədbirlər təşkil etməsi Azərbaycanın bu ölkədə güclü və uğurlu tərəfdaş kimi tanınmasında önəmli rol oynayıb.
Daha sonra layihənin həmmüəllifi, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə qonaqlara kitab haqqında məlumat verib və kitabın ərsəyə gəlməsində köməklik göstərən hər kəsə təşəkkür edib. Rəfiqə Hüseynzadə bildirib ki, bu kitab ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi və Azərbaycanın xaricdə təbliği işində gözəl bir vasitə olacaq.
Tədbirdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovda çıxış edərək Azərbaycan-Böyük Britaniya münasibətlərindən bəhs edib. O, Prezident İlham Əliyevin Böyük Britaniyaya 2018-ci ildəki səfərini xatırlayaraq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Mərasimdə çıxış edən Böyük Britaniya Birləşmiş Krallığının Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson iki ölkə arasında böyük tarixə malik dostluq münasibətlərindən söz açıb. Qeyd edib ki, Böyük Britaniya Azərbaycanda xüsusilə neft-qaz sahəsində ən böyük xarici investor olaraq qalır. Bu cür kitablar ölkələrimizin iqtisadi yaxınlaşması ilə yanaşı, mədəni bağlılıqlarının daha da dərinləşməsinə səbəb olur. Biz Azərbaycanın enerji tarixinin inkişafına töhfə verməkdən qürur duyuruq və Azərbaycanda və Xəzər regionunda təməlini qoyduğumuz güclü tərəfdaşlıqlara söykənərək bu uğuru davam etdirəcəyimizə ümid edirik.
BP-nin hasilat, transformasiya və minerallar üzrə əməliyyat direktoru Qordon Birell Azərbaycanda çalışdığı müddətdə qarşılaşdığı isti münasibətdən, insanların səmimiyyətindən və Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafından danışıb.

yap.org.az