İmişlidə tərəvəz sahələrindən 1264 tondan çox məhsul yığılıb

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 178 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib. Fermerlər indiyədək 131 hektar sahənin məhsulunu toplayıblar ki, bu da ümumi tərəvəz sahəsinin 73,5 faizini təşkil edir.Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 178 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 131 hektar tərəvəz sahəsindən 1264,2 ton tərəvəz tədarük olunub. Hər hektarın məhsuldarlığı 96,5 sentner olub. Yığılmış məhsulun 20 tonunu lobya, 325,6 tonunu xiyar, 480,9 tonunu pomidor, 48,6 tonunu badımcan, 62,5 tonunu soğan, 17,9 tonunu bibər, 100,5 tonunu sarımsaq, 197,6 tonunu isə digər tərəvəzlər təşkil edib. Əkinçilər, həmçinin becərdikləri 255,5 hektar bostan sahəsinin 200 hektarından bu günədək 2500 ton qarpız-yemiş yığıblar.Rayonda tərəvəz yığımı davam edir.

AZƏRTAC