Sosial

  • 6 101

Azərbaycanla Avstriya arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynayıb.Komitədən SİA-ya verilən məlumata görə, cari ilin 23 sentyabr tarixində Avstriyanın Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilib. Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avstriya təcrübəsi ilə yaxından tanışlıq baş tutub.Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Elektron Hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanın və Avstriyanın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Gorüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılıb. Komitə sədri cənab Kərəm Həsənov bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edib.Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilmiş və qurumlar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində 2020-ci il üçün fəaliyyət istiqamətləri müəyyən edilib.Görüşdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi də təmsil olunub.

Özbəkistanda Azərbaycan kinosu günlərinin təntənəli açlş mərasimi keçirilib

Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açlş mərasimi keçirilib.SİA xəbər verir ki, açılış mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatlar, kino sahəsinin mütəxəssisləri, Daşkənddə yerləşən ali məktəblərin tələbələri, yerli azərbaycanlılar və jurnalistlər iştirak ediblər.Tədbirdə Azərbaycanın Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssisləri də iştirak edir.“Özbəkkino” Milli Agentliyinin Baş direktoru Firdavs Abduxalikov çıxış edərək hələ keçmiş SSRİ dövründə Azərbaycan və Özbəkistan kinematoqrafçılar arasında olan sıx əlaqələrdən, hazırda bu əməkdaşlığın dirçəldilməsi istiqamətində görülən işlərdən danışıb.Almaz Sultanzadə kino sahəsində əlaqələrimizin daha da inkişaf etdirilməsinin zəruriliyindən söz açaraq deyib ki, Daşkənd, Səmərqənd və Almalık şəhərlərində kino günləri çərçivəsində Azərbaycan və Özbəkistan kinematoqrafçılarının görüşləri keçiriləcək, ustad dərsləri təşkil olunacaq.Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Səfir söyləyib ki, Azərbaycan müntəzəm olaraq Özbəkistanda keçirilən müxtəlif mədəni tədbirlərdə fəal iştirak edir və həmişə də yüksək nailiyyətlər qazanır. H. Quliyev mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.Milli Məclisin deputatı Qənirə Paşayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O, belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşamasının vacibliyini söyləyib.Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas Ayaz Salayev və rejissor Mirbala Səlimli ölkələrimiz arasında keçmiş SSRİ dövründə yaradılan əlaqələrin bərpa olunması, kinematoqrafiya sahəsində həyata keçiriləcək layihələrdən danışıblar.Azərbaycan kinosu günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.Tədbir çərçivəsində AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi nümayiş olunub.Qeyd edək ki, Azərbaycan kinosu günləri Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə keçirilir.

sia.az

Digər xəbərlər