“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva , Elgiz Əliyev Nardaran sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. xanəndələr “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa ediblər.Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.

Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində , A.R. Qobustanlı adına Mədəniyyət evi, Binəqədi Mərkəzi Mədəniyyət Evi, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarmız böyük sevgi və rəğbətlə qarşılanıb. Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili həmçinin klub işinin səmərələliyini artırılmasına öz dəstəklərini əsirgəməyiblər.

sia.az