Sevinc Fətəliyeva: Həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə, beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar

19 İyun 2017 13:58 (UTC+04:00)

«Dünyadakı mövcud beynəlxalq təşkilatlar münaqişələrin həllində fəal iştirak edə bilərlər. Amma təəssüflər olsun ki, ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərilir. Elə məsələ var ki, BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edən kimi dərhal icra olunmağa başlayır. Amma Dağlıq Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb. Bu fakt da dünyada ikili standartların göstəricisidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, digər beynəlxalq təşkilatlar- NATO, AŞPA, İƏT və başqaları Dağlıq Qarabağ problemi haqqında sənədlər qəbul ediblər. Onun sözlərinə görə, həmin sənədlərdə Azərbaycanın ərazi bütövüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır, amma bununla belə işğalçı Ermənistana qarşı hər hansı tədbir görülmür, sanksiyalartətbiq olunmur.
«İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən sənədlər qəbul edib. NATO, Avropa İttifaqı və bir sıra təşkilatlar öz qərarlarında, bəyanatlarında münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və Minsk qrupunun səylərini dəstəklədiklərini qeyd edirlər. Minsk qrupunun fəaliyyəti isə göz önündədir. Minsk qrupunun həmsədrləri indiyə qədər münaqişənin həlli ilə əlaqədar müəyyən təkliflər təqdim ediblər. Hazırki danışıqlar isə Yenilənmiş Madrid Prisnsipləri əsasında aparılır. Təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə həllini uzadır, mövcud status-kvonu qorumağa çalışır. Həmsədrlərin bəyanatları isə həmişə balanslaşdırılmış olur. Yəni işğalçı tərəfə qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atılmır. Hətta bəzən biz onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüansları görürük ki, bu da haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanır. Həmsədrlər daha çox atəşkəsin pozulmaması və qarşılıqlı etimad mühitinin yaradılmasından danışırlar. Amma Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, 1 milyondan çox insanın öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi haqda fikirlərinə demək olar ki, rast gəlmirik. Yaxud, çox nadir hallarda bu haqda fikir bildirirlər. Münaqişənin həlli ilə bağlı proseslərin real mənzərəsi bundan ibarətdir. Hazırda həmsədrlər regionda səfərdədirlər. Əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə, beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar. Əks halda Ermənistan xoşluqla işğalçılıq siyasətinə son qoymayacaq»- deyə, S.Fətəliyeva vurğulayıb.

yap.org.az