Azərbaycanın turizm imkanları Bəhreyn Krallığında təqdim edildi

10 Noyabr 2017 12:29 (UTC+04:00)

İran Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axının daha da artırılması çərçivəsində 2017-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. SİA-nın məlumatına görə, növbəti təqdimat Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə baş tutub.Tədbirdə “Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın İran Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkətinin və mehmanxananın rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərinin sayının nəzərəçarpan dərəcədə artdığını, xüsusən ərəb ölkələri turistləri üçün ölkəmizin cəlbedici olmasını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə Fərman və Sərəncamlar nəticəsində Körfəz ölkələrindən Azərbaycana gələn turistlər üçün sadələşdirilmiş viza rejimi təqdim edilərək Hava Limanlarında viza almaq imkanı yaradılıb. Eyni zamanda, Asan viza sistemi vasitəsilə 3 gün müddətində elektron qaydada vizaların əldə olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin rahat və təhlükəsiz səfərlərinin təşkil olunması qeyd olunan normativ-hüquqi bazanın yenilənməsinin məntiqi nəticəsidir.Nazir çıxışında Bəhreyn turistlərinin ölkəmizə daha çox səfər etməsində maraqlı olduğunu, Azərbaycanın bu ölkədən olan turistlərin də sayının artırılması üçün hər cür imkanların olduğunu, ölkəmizin təbliğatının genişlənəcəyini qeyd edib, təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə dəvət edib. Həmçinin, Bahreyn turistlərinin səfərləri üçün mədəni, dini, sağlamlıq, dağ-xizək, şopinq, ov və s. turizm növlərinin Azərbaycanda mövcud olması bu əlaqələrin daha da inkişaf etməsi üçün imkanlar yaradır.Daha sonra Azərbaycanın İran Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri ölkənin təqdimatını keçirib, Azərbaycanı turizm ölkəsi kimi cəlbedici edən imkanlardan, o cümlədən iqlimin əlverişliliyi, insanların qonaqpərvərliyi, islam dininə uyğun olaraq halal turizm imkanlarının mövcud olmasından bəhs edib.Qeyd olunmuşdur ki, son illər İran Körfəzi ölkələri ilə sıx fəaliyyət nəticəsində Azərbaycana birbaşa uçan ərəb ölkələrinə məxsus hava yollarının sayı artıb. Eyni zamanda həm kütləvi informasiya, həm də digər təbliğat vasitələrində yeni və inkişafda olan turizm destinasiyası kimi Azərbaycana marağın olduğu vurğulanıb.

sia.az