“Müslüm Maqomayev gənclərin ifasında”

14 Noyabr 2017 14:30 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilir. SİA-nın məlumatına görə, müsabiqənin əsas məqsədi respublikamızda vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyələrinin yüksəldilməsi və dəstəklənməsidir.Vokal və estrada oxuma üzrə keçirilən müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər. Müsabiqə 1 turdan ibarət olaraq, 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.İştirakçıların çıxış proqramı və sənədlər 05 dekabr tarixindən gec olmayaraq Bakı şəhəri, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinə göndərilməlidir. (AZ 1147, Bakı şəhəri, 9 mikrorayon Mir Cəlal küçəsi 105H. Telefon: 560-05-40, e-mail: M.M.26musiqimektebi@mail.ru )

sia.az