Azərbaycan Parisdə SİGMA nazirlər konfransında təmsil olunacaq

13 Dekabr 2017 11:51 (UTC+04:00)

Dekabrın 14-də Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransı keçiriləcək.

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkəmizi konfransda təmsil edəcək.
Konfransın plenar iclaslarında çətin vaxtlarda dövlət administrasiyasının vətəndaşlar üçün transformasiya edilməsi, dövlət idarəçiliyinin uzunmüddətli iqtisadi inkişafa təsiri ilə bağlı müzakirələr aparılacaq.
Səmərəli dövlət idarəçiliyi vasitəsilə struktur iqtisadi islahatlara dəstək, daha yaxşı dövlət xidmətləri vasitəsilə rəqabətlilik və işgüzar mühitin yaradılması, qanunun aliliyinin praktikada tətbiqinə töhfə vermək üçün dövlət idarəçiliyində şəffaf, proqnozlaşdırıla bilən və hesabatlı yanaşmanın hazırlanmasına dair “dəyirmi masa”lar təşkil olunacaq.
Konfrans iştirakçıları vətəndaşların idarəçilik islahatlarına cəlb edilməsi, eləcə də qanunun vətəndaşlar və biznes üçün vacib olma səbəbləri ilə bağlı sərbəst müzakirələr aparacaqlar.
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı göstərilən mövzularla bağlı fikrini bildirəcək, ölkəmizdə bu sahədə aparılan layihələrdən söz açacaq.

yap.org.az