Nicat Şıxəlizadə: “Hakimlərin qərəzli qərarı ilə qarşılaşdım” - AÇIQLAMA

9 Yanvar 2018 13:40 (UTC+04:00)

“Ümumilikdə 2017-ci il mənim üçün uğurlu oldu. Ötən il bir çox yüksək nailiyyətlər qazandım”. Bunu SİA-ya açıqlamasında cüdo üzrə Azərbaycan yığma komandasının üzvü, gənclər arasında dünya və Avropa çempionu, böyüklər arasında dünya və Avropa çempionatlarının mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nicat Şıxəlizadə deyib.O, ötən il qazandığı nəticələr haqqında məlumat verib: “2017-ci ilin ilk yarışı mənim üçün uğurlu oldu. Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazandım. Avropa çempionatında da mükafatçılar sırasında oldum. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə həm şəxsi, həm də komanda yarışında qızıl medal qazandım. Ötən il yalnız dünya çempionatı mənim üçün uğursuz oldu. İlk görüşümdə hakimlərin qərəzli qərarı ilə qarşılaşdım və məğlub oldum”.Tanınmış cüdoçu 2018-ci ildə də yüksək nəticələr qazanacağına əminliyini bildirib: “Bu il bizi qarşıda bir çox mötəbər yarışlar gözləyir. Hazırlığımız artıq başlayıb. Əsas məqsədimiz isə Bakıda keçiriləcək dünya çempionatında ölkəmizi layiqincə təmsil etməkdir”.Hazırda fiziki durumunun yaxşı olduğunu qeyd edən N.Şıxəlizadə millinin tərkibində həm fiziki, həm də texniki cəhətdən yüksək hazırlıq keçdiyini vurğulayıb. İdmançı millidə cüdoçular arasında sağlam rəqabət olduğunu deyib.O, cüdonun dünyada inkişaf etmiş idman növü olduğu üçün güclü idmançıların varlığını və dünya çempionatında onların çətinlik yarada biləcəyini qeyd edib: “Əsas odur ki, yarış zamanı yaxşı formada olum ki, çətinlikləri asanlıqla dəf edə bilim”.

sia.az