Regionlarda sənaye obyektlərinin tikintisinə xüsusi diqqət yetirilir

9 Yanvar 2018 18:20 (UTC+04:00)

Bölgələrdə sənaye məhəllələrinin yaradılması, müəssisələrin yaradılması yeni iş yerlərinin açılması və insanların rifah halının yüksəldilməsi deməkdir
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində, regionların sosial-iqtisadi inkişafı da günümüzün reallığına çevrilib. Prezident İlham Əliyevin, mütəmadi olaraq, regionlara səfər etməsi və bir sıra istehsal və sosialyönümlü obyektlərin açılışında iştirak etməsi iqtisadiyyat və sosial sahələrin subyektlərini həvəsəndirməklə yanaşı, sözügedən sektora dövlət dəstəyinin yüksək səviyyədə olmasını isbatlayır.
Regionlarda kənd təsərrüfatı müəssisələri ilə yanaşı, sənaye obyektlərinin tikintisinə də xüsusi diqqət yetirilir. Son dövrlər bölgələrdə sənaye məhəllələrinin yaradılması siyasəti də buna xidmət edir. Prezident İlham Əliyev Sabirabadda olarkən, Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib. 20 hektar ərazidə salınan bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərilməsi planlaşdırılır.
Dövlət başçısının Sərəncamı ilə belə sənaye sahəsi ilk dəfə Neftçalada yaradılmışdır. Bu ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan həmin sənaye məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətə başlaması 474 yeni iş yerinin açılmasına imkan vermişdir ki, bu da yerli əhalinin məşğulluğunun və sosial rifahının təmin edilməsində mühüm rol oynayır.
Masallıda yaradılan sənaye məhəlləsi, ümumilikdə, 10 hektar, ilkin mərhələdə isə, 3,54 hektar ərazini əhatə edir. Müəssisənin 3 istehsalat korpusunun, inzibati və texniki binaların, köməkçi sahələrin gələn ilin aprel ayında istifadəyə verilməsi nəzərdə tutulur. Burada inşaat işlərinə cəlb edilən işçilərin sayı 200 nəfərdir.
Onu da qeyd edək ki, Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Həmin layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisə işə düşdükdən sonra 600 nəfərlik yeni iş yeri açılacaq.
Təqdim olunan layihələrdən biri də Hacıqabul Sənaye Məhəlləsinin tikintisidir. Burada inşaat işlərinə gələn ildən başlanılacaq. Adıçəkilən sənaye məhəlləsi istehsal xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Burada ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı həyata keçiriləcək. Özü də bu sənaye məhəlləsinin məhsulları ixracyönümlüdür. Müəssisədə istehsal ediləcək məhsullar MDB, Yaxın Şərq və Afrika ölkələrinə göndəriləcək.
Prezident İlham Əliyev səfər çərçivəsində Ağcabədidəki yeni çörək və un məmulatları zavodunun açılışında da iştirak etmişdir. Güzəştli kreditlər hesabına müasir texnologiya və avadanlıqlarla təchiz olunan müəssisədə bişirilən çörəklərin maya dəyəri aşağı, keyfiyyəti və çeşidi isə yüksəkdir.
Ümumiyyətlə, əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Son illər qida təhlükəsizliyinin təmini, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.
Göründüyü kimi, bölgələrdə istehsal müəssisələrinin tikintisi ilə yanaşı, sosial infrastruktur layihələri də uğurla icra olunur. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində cari ilin 6 ayı ərzində görülən işlər bunu sübut edir. Təbii qazla təminat iqtisadi inkişafla yanaşı, sosial əhəmiyyət daşıyır. Yəni bölgələrdə olan sənaye, emal və xidmət müəssisələri ilə bərabər, əhalinin yaşamında da mavi qazla təchizat önəmli rol oynayır. Hesabat dövründə Dövlət Proqramına uyğun qaz təsərrüfatının inkişafı və yenidən qurulması, qazla təchiz olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qazla fasiləsiz təmini məqsədilə regionlarda 972,3 km müxtəlif diametrli qaz kəmərləri çəkilmiş və ya əsaslı təmir olunmuş, 14 rayonda 35 yaşayış məntəqəsi qazla təmin edilmişdir. Beləliklə, ölkə üzrə qazlaşdırılma 93 faizə çatmışdır. Regionlarda yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində isə, bu ilin 6 ayı ərzində, 3524,5 km elektrik verilişi xətləri çəkilmiş, 510 güc transformatoru quraşdırılmış və ya əsaslı təmir olunmuş, 10 yarımstansiya tikilmişdir. Dövlət Proqramına uyğun olaraq, “Sarıcalar” yarımstansiyasının, Varvara Su-Elektrik Stansiyasının açılışı olmuş və Ordubad Su-Elektrik Stansiyasının təməli qoyulmuşdur.
Bir sözlə, Prezident İlham Əliyevin reallaşdırdığı inkişaf strategiyasının əsas məqsədi Azərbaycanın bölgələrinin inkişafını daha sürətləndirmək, insanların rifah halını daha da yüksəlmək və ölkəmizin ümumi inkişafını təmin etməkdir.

“Səs” Analitik Qrupu