“Prezidentin Sərəncamı xalqımızın mövqeyini göstərən sənəddir” AÇIQLAMA

11 Yanvar 2018 17:08 (UTC+04:00)

“Dövlət başçımızın Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət quruluşu olaraq tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı ötən ilin mayında, 2018-ci ilin Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı isə bu il yanvarın 10-da müvafiq sərəncamlar verməsi, sözün bütün anlamlarında alqışa layiqdir. Bunlar bütün dünya azərbaycanlılarını sevindirən sərəncamlardır”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.“Bu, tarixi varisliyin, həm tarixə sayğının, həm də gələcəyin – ərazi bütövlüyünü bərpa etmiş güclü Azərbaycanına inamın ifadəsidir. Dövlət başçımız 100 il öncə çox çətin şərtlərə baxmayaraq cümhuriyyət qurmuş fədakar şəxsiyyətlərimizə, onların əzminə, mübarizə ruhu və tarixi ideallarına sayğını bir daha sənədləşdirdi, rəsmiləşdirdi. Ümidvaram, xalqımız, özəlliklə, vətəndaş cəmiyyəti institutları, elm, mədəniyyət xadimlərimiz 2018-ci ilə özəl çalışmalarla, yaddaqalan işlərlə, öz önəmli töhfələri ilə seçiləcək. Azərbaycan Prezidentinin bu Sərəncamı günümüzün mürəkkəb dünyasında parlaq gələcəyə cəsarətli baxış olmaq etibarı ilə dosta da, düşmənə də dövlətimizin, xalqımızın mövqeyini göstərən bir sənəddir.Prezidentimizin Xalq Cümhuriyyətimizlə bağlı bir-birini tamamlayan iki Sərəncam verməsi, bu mövzuda bundan sonra imzalanacaq digər sənədlər, Ümummilli Lider Heydər Əliyevin tarixi sözlərini bir daha xatırladır: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Tarix həmişə hər şeyi öz yerinə qoyur”!İlimiz mübarək olsun! Fürsətdən istifadə edib, cənab Prezidentimizə minnətdarlığımı, bütün dünya azərbaycanlılarına, bizim uğurumuzu öz uğuru bilən hər kəsə isə təbriklərimi yetirirəm”-deyə, QHT rəsmisi fikrini tamamlayıb.

sia.az