Azərbaycan bir çox istiqamətlər ürzə regional və qlobal liderə çevrilib

12 Yanvar 2018 18:25 (UTC+04:00)

Davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə Azərbaycan “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir
Müstəqil Azərbaycanın iqtisadi və sosial sahədə qazandığı nailiyyətləri, qlobal əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu ölkəmizi bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Davamlı inkişaf naminə yaradılan iqtisadi baza əsasında Azərbaycan innovativ tərəqqi dövrünü yaşayır. Bu tərəqqi, davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə Azərbaycan “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Əlbəttə ki, qazanılan hər bir uğurun təməlində Prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyası dayanır.
Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixdə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” Sərəncamı uzaq hədəflərə hesablanmış səmərəli iqtisadi siyasətin yürüdüləcəyinin təsdiqi idi. Dövlət başçısı tarixi əhəmiyyətli bu Sərəncamı ilə qarşıdakı 10 ildə hökumət səviyyəsində reallaşdırılması vacib kompleks tədbirlər sisteminin əhatə dairəsini və müddətini, habelə, icra mexanizmlərini müəyyənləşdirmək məramını izhar etmişdir. Sosial-iqtisadi inkişaf prosesinin davamlılığının təmini nöqteyi-nəzərindən respublikanın perspektiv inkişaf strategiyasının yaxın və uzaq dəqiq hədəflər əsasında düzgün müəyyənləşdirilməsi, reallığa adekvat elmi-iqtisadi proqnozların, təhlillərin irəli sürülməsi son dərəcə vacib məsələlərdən biri idi. Bu reallığı düzgün müəyyənləşdirən Prezident İlham Əliyev hər bir mərhələ üçün respublikanın qarşısında duran vəzifələri dəqiq müəyyənləşdirməklə ölkənin bütün resurslarını bu istiqamətdə səfərbər etdi və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərini və qarşıda dayanan strateji məqsədlərini açıqladı. Qlobal məkanda mürəkkəb siyasi-iqtisadi proseslərin davam etdiyi və iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi zamanda Azərbaycan Prezidenti yeni çağırışlara uyğun islahatlara başladı.
“2016-cı il dərin islahatlar ili olacaq” - deyən dövlət başçısının qəbul etdiyi mühüm qərarlar, imzaladığı fərman və sərəncamlara əsasən, yeni iqtisadi strategiya start götürdü. Elmi şəkildə həyata keçirilən iqtisadi islahatlara əsasən, mühüm qurumlar yaradıldı. Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi Şurasının, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bu qurumların yaradılmasında məqsəd ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə, orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq idi.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan qorunmasını özündə ehtiva etdi. Fərman iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi. Dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da yüksəlməsinə xidmət edən strateji yol xəritələri hazırlandı. Bu sənəd qlobal çağırışlara cavab verərək, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir qədər də gücləndirəcək mühüm sənəd oldu. İqtisadi sahədə keçid dövrünü başa vuraraq bütün sahələrdə modernləşmə mərhələsinə qədəm qoyan müstəqil Azərbaycan son 5 ildə bənzərsiz inkişaf yolu, iqtisadi tərəqqisi ilə dünya siyasi arenasında layiqli yerini daha da möhkəmləndirdi. Bu gün isə Azərbaycanın adı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlillərində, xüsusilə, vurğulanır.
İqtisadi islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulduğu üçün artıq bəhrəsini verməkdədir. İslahatların ən böyük uğurları kimi tədiyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, strateji valyuta ehtiyatlarının artması, həmçinin, əlverişli biznesin gözləntilərinin müsbətə doğru dəyişməsi xüsusi qeyd edilir.
Prezident İlham Əliyevin son illər apardığı intensiv və məqsədyönlü islahatlar iqtisadi profilli beynəlxalq reytinq agentlikləri, müstəqil ekspertlər və xarici investorlar tərəfindən yüksək qiymətləndirilir. Bütün bunların bariz nümunəsi “Doing Business 2018” hesabatında ölkəmizin mövqeyinin 8 pillə artaraq, 57-ci pilləyə yüksəlməsidir. Hesabatdan da göründüyü kimi, sözügedən beynəlxalq indeks tərəfindən Azərbaycanda aparılan həm hüquqi qanunvericilik, habelə, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar məxsusi olaraq qeyd edilib. Bu, ilk növbədə, beynəlxalq reytinq agentliklərinin Azərbaycanda aparılan islahatlara xüsusi diqqət yetirdiklərini və izlədiklərini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. “Doing Business 2018” hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.
Məlumat üçün bildirək ki, ölkədə kiçik investorların hüquqlarının qorunması istiqamətində mülki, inzibati və cinayət məcəllələrində dəyişikliklər edilib, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra müddəalar əlavə olunub. Müqavilələrin icrası ilə bağlı sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılıb. Sahibkarların maliyyə resurslarına əlçatarlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli “Kredit büroları haqqında” və 2017-ci il 2 may tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Verginin ödənilməsi istiqamətində 2016-cı il 16 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu təsdiq edilib.
Təbii ki, Azərbaycanda aparılan islahatlar həm sahibkarların fəaliyyətinə müsbət mənada təsir edib, həmçinin, beynəlxalq indekslərdə mövqeyimizi gücləndirib. Bu isə, yerli investorların biznes fəaliyyətinin stimullaşdırılması, həmçinin xarici investorların ölkəmizə kapital qoyuluşu istiqamətində atılan addımlara müsbət təsir göstərəcək.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi, bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. İlk növbədə, burada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamının nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması və zəruri islahatların aparılması sahəsində nailiyyətlər əldə edilib. Bundan əlavə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi nəticəsində bir neçə sahədə müsbət tendensiyalar nümayiş edilir.
Xatırladaq ki, bu il Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşmışdı. Həmin hesabatda da Azərbaycanın irəliləməsində əsas rolu Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatlar oynayıb. Faktiki olaraq, dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir.
Bir sözlə, Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti ilə Azərbaycanda qurulan yeni iqtisadi model uğurlu nəticələrini verməkdədir. Artıq ölkə iqtisadiyyatı aşağı neft gəlirlərinə tam adaptasiya olunmaqla yanaşı, inkişaf edir və rəqabət qabiliyyətini artırır. Qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən, güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına və iqtisadiyyatın dinamik yüksəlişinə xidmət göstərir. Ölkədə strateji idarəetmə mexanizmi işləyir və islahatlar dönməz və kompleks xarakter daşıyır. 2018-ci ildən başlayaraq iqtisadi artım daha yüksək tempə malik olacaq. Aparılan islahatlar və yaradılan infrastrukturun hesabına ölkənin regional və qlobal dəyər zəncirlərində mövqeləri güclənəcək. Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycan gələn ildə də özünün sürətli inkişafını təmin edəcək.

“Səs” Analitik Qrupu