Azərbaycan inamlı inkişafını davam etdirir

12 Yanvar 2018 21:29 (UTC+04:00)

İlham Əliyev: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”
21-ci yüzillikdə sürətlə inkişaf edən Azərbaycanın sosial-iqtisadi və siyasi-mədəni sahələrdə əldə etdiyi yüksək göstəriciləri böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirməsi dayanır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Yola saldığımız 2017-cı il də Azərbaycan üçün uğurlu il kimi yadda qaldı. Dünyada qanlı münaqişələr, müharibələr baş verdiyi və ictimai-siyasi sabitlik pozulduğu halda, Azərbaycan sabitlik adası və dinamik inkişafda olan ölkə kimi nüfuza sahibdir.
“...HƏTTA İQTİSADİ CƏHƏTDƏN
O QƏDƏR DƏ ASAN OLMAYAN İLDƏ DƏ BİZ İNKİŞAF EDİRİK”
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, qeyd etdiyi kimi, yola saldığımız ildə Azərbaycan inamlı inkişafını davam etdirmiş və ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır: “Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə, 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir və ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən, o qədər asan olmayan ildə də, biz inkişaf edirik”- deyən Cənab İlham Əliyev dünya miqyasında 35-ci yeri tutmağın böyük nəticə və böyük qələbə olduğunu bildirib. Azərbaycan Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və fərmanlar iqtisadi islahatları daha da dərinləşdirdi, iqtisadi sabitlik qorundu və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırdı. Bu gün tam cəsarətlə, demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir.
“2017-Cİ İLİ “İSLAM HƏMRƏYLİYİ İLİ” ELAN ETMƏYİMİZ İSLAM ALƏMİNDƏ ÇOX BÖYÜK DƏSTƏYƏ VƏ RƏĞBƏTƏ SƏBƏB OLDU”
Həqiqətən də, Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Bütün dünyada böyük hörmətə, nüfuza malik olan Azərbaycan prinsipial və ədalətli mövqeyi ilə seçilir. Yola saldığımız ötən ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olundu. İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə “İslam Həmrəyliyi İli” elan edildi və islam dünyasının bir parçası olan Azərbaycan il ərizində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verdi və sülsevər siyasətini bir daha dünyaya bəyan etmiş oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, il ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar - 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz islam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu.
“BU RESPUBLİKANI AZƏRBAYCAN XALQI YARADIB VƏ BİR DAHA
BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRİB Kİ, AZƏRBAYCAN XALQI BÖYÜK XALQDIR, İSTEDADLI XALQDIR, AZAD XALQDIR”
Bu il Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən 100 il ötür. Qürur gətirəcək bu hadisə Azərbaycanın tarixidir. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub. Belə ki, 1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti, 23 aylıq fəaliyyəti ərzində, bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Cənab Prezident çıxışında qeyd edib ki, biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl, ən ülvi demokratik dəyərləri, nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib”. Həmin dövrdə Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Bunlar Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan Xalq Cümhuriyyəti, ilk dəfə olaraq, Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarix ölkəmizdə 28 May Respublika Günü kimi qeyd edilir. Ölkə başçısı, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsini qərara almışdır: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl, müsəlman aləmində ilk dəfə olaraq, demokratik respublika yaradılmışdır... Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Cənab Prezident yekun nitqində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqının yüksək qiymətləndirdiyini qeyd edib: “Bunu nəzərə alaraq, mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir”.
Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır və ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır.
Artıq 27 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük və 28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanır.

Nəzakət ƏLƏDDİNQIZI