Depozit faizləri aşağı düşə bilər AÇIQLAMA

13 Fevral 2018 13:22 (UTC+04:00)

"Mərkəzi Bank uçot stavkasını 15 faizdən 13 faizədək endirib. Güman olunur ki, uçot stavkasının azaldılması depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.Onun sözlərinə görə, bu o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər: "Uçot stavkasının azaldılması iqtisadi baxımdan kredit faizlərini də aşağı salmalıdır. Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot stavkasının aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot stavkasına baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar".

sia.az