Milan Məhkəməsindən şər-böhtançılara sərt şillə

13 Fevral 2018 19:25 (UTC+04:00)

Elxan Süleymanov: “Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm”

Azərbaycanın dünyada yeri və rolu artdıqca, bəzi qaranlıq dairələrin də ölkəmiz əleyhinə qarayaxma kampaniyaları, şər və böhtanları da geniş xarakter alır. Ən acınacaqlısı odur ki, “sapı özümüzdən olan baltalar” xarici müəmmalı dairələrlə iş birliyinə gedib, onların layihələrinin icraçılarına çevrilməyə çalışırlar. Bu istiqamətdə adlarını hüquq müdafiəçisi qoyub, əslində, hüquqa zidd addımların atılmasına və qərarların verilməsinə çalışanlardan olan Leyla və Arif Yunuslar, Xədicə İsmayılova, Emin Milli, Emin Hüseynov və digərləri daha çox fəallıq göstərirlər. Hətta Leyla və Arif Yunuslar, eləcə də, X.İsmayılova AŞPA-da çıxış edərək, ölkəmizə qarşı sərt qərarların qəbul olunmasına çağırışlar ediblər. Nə qədər milli mənliyini, milli heysiyyətini itirəsən ki, doğulub boya-başa çatdığın vətəninə və xalqına düşmən kəsiləsən. Təbii ki, belələrinin damarında azərbaycanlı qanı axdığına şübhələr var. Bu şəxslər açıq şəkildə ölkəmizin əleyhinə çıxış etməklə, birbaşa erməni lobbisinin əlində alət olduqlarını nümayiş etdirirlər.
Şər-böhtan təsdiqini tapmadı

Sözügedən şəxslər beynəlxalq tədbirlərdə Azərbaycanın milli və dövlətçilik maraqlarına zərər vurmaqla yanaşı, ölkəmizin mənafeyindən çıxış edənləri də hədəfə alırlar. Belə hədəfə alınan şəxslərdən biri də İtaliyanın tanınmış siyasətçisi, Avropa Şurasının Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının prezidenti Luka Volente olmuşdur. Onun haqqında hər cür ittiahmlar səsləndirən qondarma hüquq-müdafiəçiləri və onların təlimat aldıqları xarici təmsilçiləri iddia edirdilər ki, guya L.Volentenin Azərbaycanın mövqeyini müdafiə etməsinin kökündə italiyalı deputatın 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alması dayanır. Şərin Azərbaycanda geniş şəkildə yayılması üçün cəmiyyətdə nifrət obyekti olan müxalif partiya funksionerləri də hərəkətə keçib, sosial şəbəkələr və təsir altında saxladıqları saytlarda hay-küy qaldırmışdılar. İddia olunmuşdur ki, guya rüşvətin L.Volenteyə verilməsində Azərbaycandan olan deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov vasitəçilik ediblər. Ünvanlanan donoslara və dedi-qodu xarakterli çıxışlara əsaslanan və heç bir dəqiqləşdirmə aparmayan İtaliyanın “İl Fatto” qəzeti İtaliyanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunan deputat L.Volentenin 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min həcmində avro rüşvət alması barədə məqalə dərc etmişdir. Həmin məqaləyə istinad edən Əli Kərimlinin danışan dili, deyən sözü olan Gültəkin Hacıbəyli mətbuata verdiyi açıqlamasında cəfəng fərziyyələr irəli sürürək, iddia etmişdir ki, L.Volente aldığı rüşvət hesabına Azərbaycanın AŞPA-da qeyri-leqal lobbiçilik fəaliyyətini həyata keçirmişdir: “Düzü, bu barədə konkret faktlarla danışmaq mümkün deyil. Bizim əlimizdə olan yeganə fakt İtaliyanın Milan Prokurorluğunun İtaliyanın nümayəndə heyətinin keçmiş rəhbəri və AŞPA-nın keçmiş vitse-prezidenti L.Volente ilə apardığı araşdırmalardır”.

Milan Məhkəməsi Azərbaycanla siyasi korrupsiyada ittiham olunan Volonteyə bəraət verib

Göründüyü kimi, Ə.Kərimlinin sözçüsü rolunda çıxış edən G.Hacıbəyli bu məsələdə konkret faktlara malik olmadığını etiraf edir, amma danışır. Çünki belə göstəriş və tapşırıq alıb. Məsəl var, deyərlər, “yalan ayaq tutar, amma yeriməz”. Azərbaycana qarşı şər və yalan yazanlar da ədalət qarşısında ifşa olundular. İtaliyanın “İl Fatto” qəzetində L.Volentenin Azərbaycan hökumətindən rüşvət alması barədə dərc olunan yazıya əsasən, aparılan məhkəmə prosesinə son qoyulub. Məhkəmə Azərbaycanla siyasi korrupsiyada ittiham olunan L.Volenteyə bəraət verib. Bu barədə açıqlama verən millət vəkili Elxan Süleymanov bildirib ki, məhkəmə ədalətli qərar çıxarmaqla yazılanların əsassız olduğunu nümayiş etdirdi: “Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı”.
“Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm”, - deyə E.Süleymanov qeyd edib.
Bir sözlə, bir daha Azərbaycana qarşı qərəzin haqsız olduğu və bu böhtanların eyni mərkəzdən idarə olunduğu sübuta yetirildi. Yəqin ki, L.Volonte ilə bağlı yalan yazanlar və səsləndirənlər Milan Məhkəməsinin qərarına da bir don geydirməyə çalışacaqdır. Çünki onların məqsədləri haqqı danmaq və uğurlara kölgə salmaqdan ibarətdir.
İ.ƏLİYEV