Nizami Cəfərov: Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür

13 İyun 2018 12:28 (UTC+04:00)

«Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu». Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış gərgin vəziyyət xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Onun sözlərinə görə, cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu öndər Heydər Əliyevdir.
«1993-cü ilin ortalarına doğru ölkədə hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Təhlükə qarşısında qalan Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ildə rəsmiləşdirildi. Həmin vaxtdan etibarən Azərbaycan xalqı iyunun 15-ni əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 25 ildir ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, inkişaf edir, uğurlar qazanır. Beləliklə, Azərbaycanın bugünkü uğurlarının əsasında qurtuluş məfkurəsi dayanır»-deyə, N.Cəfərov qeyd edib.

sia.az