Azay Quliyev: TANAP Azərbaycanın həm iqtisadi gücünü, həm də beynəlxalq nüfuzunu artıracaq

13 İyun 2018 13:13 (UTC+04:00)

Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın strateji layihəsidir və bu layihənin açılışı ölkə tarixində böyük bir hadisədir. Bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, TANAP Azərbaycanın Avropanı Asiya ilə birləşdirən çox mühüm enerji layihəsidir.
Millət vəkili qeyd edib ki, bu layihənin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından da əhəmiyyəti var:
“Cənab Prezident İlham Əliyev bundan əvvəl TANAP haqqında belə bir fikir səsləndirmişdi: “TANAP Avropanın enerji xəritəsini tamam dəyişəcək”. Həqiqətən də bu gün Avropanı alternativ enerji ilə təmin edən çox böyük potensiala malik TANAP-ın açılışı böyük tarixi hadisədir və əminəm ki, bu layihə Azərbaycanın həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə olan nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verəcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.

sia.az