Nurlana Əliyeva: Azərbaycan dövləti qayğıya ehtiyacı olan şəxslərə xüsusi diqqətlə yanaşır

13 İyun 2018 16:42 (UTC+04:00)

«Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu siyasətin əsası isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub». Bu fikirləri YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də,ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir.
«Şübhə yoxdur ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Hökumətin və partiyanın həyata keçirdiyi siyasət humanizmdən, insanpərvərlikdən, insanlara qayğıdan xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır»-deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.

yap.org.az