MM-in komitə sədri: İqtisadi inkişafda özəl sektorun payı yüksəkdir

10 İyul 2018 12:45 (UTC+04:00)

«İqtisadi inkişafda özəl sektorun payı yüksəkdir. Dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir. Onun sözlərinə görə, bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır.
«Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84 faizi, məşğulluqda isə 75 faizi ötüb, 90 mindən çox müəssisə yaradılıb»-deyə, Z.Səmədzadə vurğulayıb.

yap.org.az