Elşən Manafov: “Paşinyan siyasət səhnəsindən getməli olacaq” AÇIQLAMA

8 Noyabr 2018 16:05 (UTC+04:00)

Bu faktdır ki, hazırda Ermənistan olduqca ağır iqtisadi və siyasi durum içindədir. Ölkənin işğalçılıq siyasəti onun qonşuları ilə münasibətlərinə olduqca mənfi təsir göstərib. Məhz Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir ki, hazırda Ermənistan həm şərqdən, həm də qərbdən blokadaya alınıb. Yalnız İran və Gürcüstan vasitəsilə İrəvan xaricə çıxır. Ancaq ABŞ-ın İrana yönəlik sanksiyaların sərtləşməsi fonunda rəsmi Tehranda Ermənistandan imtina edərək öz hayına qalıb. Bütün bunlar Ermənistanın məhvə doğru sürükləndiyini göstərir. Hakimiyyəti ələ keçirən Nikol Paşinyanın da yanlış siyasət yürütməsi, xüsusi ilə də işğal altında olan Dağlıq Qarabağla bağlı əvvəlki hərbi xuntanın səhvlərini təkrarlaması Ermənistanla bağlı proqnozların reallaşacağını bir daha təsdiq edir.Politoloq Elşən Manafov da o fikirdədir ki, Paşinyan Qarabağ məsələsində güzəştə getməsə, bu, onun siyasi karyerasının sonu olacaq: “Hər halda bu məsələyə tam aydınlıq Paşinyanın növbədənkənar seçkilər fonunda əldə edə biləcəyi qələbədən sonra gələcək. Yəni, bununla bağlı konkret fikri ancaq həmin prosesdən sonra söyləmək mümkündür. Paşinyan indi müvəqqəti olaraq baş nazir səlahiyyətlərini icra edir. Bu günlərdə Paşinyanın Dağlıq Qarabağa səfər etməsi isə hər halda onun seçkilərdən sonra münaqişənin həlli ilə bağlı danışıqlarda hansı mövqeni sərgiləyəcəyilə bağlı məsələ ətrafında müəyyən fikir söyləməyə əsas verir".Politoloqun sözlərinə görə, Paşinyanın Qarabağa olan səfəri növbədənkənar seçkilərlə bağlıdır: "Bütün hallarda Paşinyan anlayır ki, “Qarabağ klanı”nın seçicilərlə işləmək, onlara təsir göstərmək, hətta baş nazir funksiyasını icra edən şəxsin tərəfdarları arasında parçalanma yaratmaq imkanları qalmaqdadır. Baxmayaraq ki, Paşinyandan başqa namizəd də yoxdur. Ancaq Paşinyan əleyhinə səs verə biləcək erməni vətəndaşlarının sayı da durmadan artmaqdadır. Çünki Paşinyan elektoratına verdiyi vədlərin əksəriyyətinin öhdəsindən hələ də gələ bilməyib. Başqa bir məsələ ki, Qərbin Qarabağ probleminin həlli ilə bağlı İrəvana təklif etdiyi məlum “yol xəritəsi” adlı geosiyasi layihə var. Paşinyanın həmin layihəyə münasibətinin necə olacağı məsələsinə isə Qərbin mövqeyi aydınlıq gətirməlidir. Paşinyan seçkilərdə qalib gəlsə və ABŞ onun legitimliyinə, habelə hakimiyyətinin təhlükəsizliyinə təminat versə, İrəvan Qərbdən gözlədiyi kredit dəstəyini ala bilsə, bu halda yeni hökumət Ermənistanın Rusiya ilə münasibətlərinə müəyyən mənada dəyişiklik gətirməyə qadir olacaq. İndinin özündə də Paşinyan iqtidarında əsasən məhz qərbyönümlü nazirlər təmsil olunub. Bu isə Rusiyanı ciddi şəkildə düşündürməklə yanaşı, həm də narahat edir. Bu mənada düşünürəm ki, Moskva bu seçkilərdə də yenidən “Qarabağ klanı” ilə işləməyə üstünlük verəcək. Amma Serj Sarkisyanın nüfuzu kifayət qədər aşağı düşdüyündən, Robert Koçəryanın seçkilərə qatılmaq şansı daha böyükdür. Bu mənada Rusiya prezidenti Vladimir Putinin ad günündə Koçəryanı təbrik etməsi sadəcə, təbrik etmək zərurətindən irəli gəlməmişdi. Burada Rusiyanın bölgə və Ermənistanla bağlı məlum maraqları var".E.Manafov onu da bildirdi ki, Paşinyan gerçəkdən Ermənistana olan təzyiqlərin azaldılmasını, ölkəsinin müstəqil dövlət olaraq uzun müddət yaşamasını təmin etmək istəyirsə, təbii ki, Qarabağ probleminin həllində ciddi güzəşt və kompromislərə getməlidir: "Bununla bağlı ABŞ-ın mövqeyini Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da səsləndirdi. Güzəştə getməyəcəyi təqdirdə isə Ermənistan yenə də bölgə ilə bağlı layihələrdən kənarda qalacaq, düşmən ölkənin sosial-iqtisadi problemləri daha da artacaq. Bu isə Paşinyan iqtidarının siyasət səhnəsindən getməsi ilə nəticələnəcək. Paşinyan bütün bunları götür-qoy edərək konkret qərar çıxarmalıdır. Bütün hallarda qərarın çıxarılması Paşinyana aiddir”.

sia.az