Bakıda keçiriləcək OPEC+ ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında 14 ölkə iştirakını təsdiqləyib

12 Mart 2019 11:33 (UTC+04:00)

Bakıda keçiriləcək OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 ölkə iştirakını təsdiqləyib.

Energetika Nazirliyindən bildirilib ki, martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları keçiriləcək. İndiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında OPEC-in baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək.
Tədbirdə OPEC üzv ölkələrdən Əlcəzairi energetika naziri Mustafa Qituni, Birləşmiş Ərəb Əmirliklərini energetika və sənaye naziri Suheyl əl-Mazrui, Küveyti neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri Mustafa Sanalla təmsil edəcək. Qeyri-OPEC ölkələrindən isə Rusiyanın energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi və Bruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiavın iştirakı nəzərdə tutulub.
Ölkə başçısının məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolu OPEC Katibliyi tərəfindən də yüksək qiymətləndirilib, OPEC-Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC-in baş katibi M.Barkibdonun ölkəmizə səfəri zamanı irəli sürülüb. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətənində - Bakıda keçirilməsinə razılıq verilib.

yap.org.az