Naxçıvanın turizm imkanları genişlənir

14 Mart 2019 13:04 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Möminə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub-saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri olan Gəmiqaya, Kilit mağarası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl və yüzlərlə sənət əsərləri Naxçıvanın diyarının analoqu olmayan turizm potensialıdır.
Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. Bu ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Həmçinin, dünyada analoqu olmayan Duzdağ və Badamlı fizioterapiya xəstəxanaları və Darıdağ Arsenli Su Müalicəxanası böyük əhəmiyyət kəsb edir. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Mineral suların bir hissəsi müalicə əhəmiyyətlidir. Təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Naxçıvanda müalicə turizminin təşkili üçün mövcud olan mineral, su və iqlim ehtiyatları arasında Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan belə müalicə turizmi xidmətləri bu baxımdan regionun ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında pasiyent qəbul edir. 1979-cu ildə istifadəyə verilən mərkəzdə ilk vaxtlarda lazımi şərait olmadığından, mövcud tələbatı yetərincə ödəmək qeyri-mümkün idi. 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün yaradılmış müasir şərait bu gün müalicə turizmi üçün çox əlverişli imkanlar açmışdır. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanlar yuxarı tənəffüs yolları xəstəliyinin müalicəsi üçün əlverişli imkan tapırlar. Eyni zamanda, Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi də tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət olur.
Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki "Böyrək suyu" adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb.
Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür.
Bundan başqa, Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. Darıdağ suyundan hələ qədim zamanlardan sümük-oynaq və əzələ sistemi xəstəliklərində, o cümlədən, duzlaşma adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunub. Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun tərzdə yenidən qurularaq, istifadəyə verilib. Naxçıvanda müalicə turizminin inkişafına xüsusi diqqət yetirildiyindən Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır. Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır.
Sağlamlığın bərpa olunması üçün münasib iqlimdən istifadə, keçmişdə olduğu kimi, müasir dövrdə də aktualdır. Belə ki, kurort məqsədilə istifadə olunan iqlim mənbələri bütün əhali üçün ilboyu istirahətin ən sərfəli mənbəyidir.
Ölkəmizin sanatoriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə, əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyub. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində, inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb.

Nəzakət ƏLƏDDİNQIZI