"Rəqabət olan yerdə inkişaf var” ÖZƏL MÜNASİBƏT

4 Aprel 2019 15:21 (UTC+04:00)

"Bu gün siyasi partiyaların cəmiyyətin həyatında rolu çox aktual bir mövzudur. 1992-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra zərurət yaranmışdı ki, ölkədə yeni bir siyasi təşkilat yaransın. O dövrə qədər müəyyən qruplar var idi, amma onlar siyasi partiya səviyyəsində deyildilər, qeydiyyatdan da keçməmişdilər. Bu boşluğu ilk dəfə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) doldurdu. Bundan sonra isə ölkədə təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçidin əsası qoyuldu. Daha sonra Yeni Azərbaycan Partiyası yarandı və digər partiyalar qeydiyyatdan keçdi. Bu çox mütərəqqi bir hal idi". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.AMİP funksionerinin sözlərinə görə, siyasi partiyaların olması cəmiyyətin dayanıqlığı və inkişafı deməkdir: "Sivil ölkələrdə adətən siyasi partiyaların inkişafına da böyük dəstək verilir. Çünki siyasi partiyaların olması cəmiyyətin sosial siyasiləşməsinə gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının birinci maddəsində göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Amma çox təəssüflər olsun ki, bu gün Azərbaycan siyasi partiyalarının mövcud durumu ürəkaçan deyil. Əksər partiyaların maddi-texniki bazası aşağı səviyyədədir. Bu gün ölkədə 55 siyasi partiya qeydiyyatdan keçib. Etiraf edək ki, bu gün Azərbaycanda siyasi partiyaların böyük bir qismi maliyyə cəhətindən pis vəziyyətdədir. Belə olanda isə partiyalar kimdənsə asılı olur və siyasi xəttini də müstəqil həyata keçirə bilmir. Bu baxımdan istərdim ki, həmin məsələlər çox ciddi dəyərləndirilsin. Həmçinin bildirmək istərdim ki, bütün mübarizələr tükənəndə aksiyalara əl atılır. Azərbaycan cəmiyyətində bütün partiyalar daim dialoq şəklində olmalıdır. Bu gün rəqabət olan yerdə inkişaf var”.

yap.org.az