“Azərbaycan dövləti hər bir sosial paketin icrasına qadirdir” RƏY-ÖZƏL

17 Aprel 2019 14:23 (UTC+04:00)

“Bugünkü sosial islahatlar paketinin həyata keçirilməsi üçün ondan əvvəlki illərdə Azərbaycanda güclü iqtisadi baza formalaşdırılıb. Bu baza bu gün əhalinin aztəminatlı təbəqəsinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atmağa imkan verir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.O bildirib ki, ölkə başçısının ilin başlanğıcından başlayaraq, imzaladığı sərəncam və fərmanlar vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyub. Yəni insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır, aparılan islahatlar daha da dərinləşir”.Deputat söyləyib ki, problemli kreditlərlə bağlı məsələnin kökündən həll edilməsi prosesi nəticəsində 900 mindən çox insanı narahat edən problemin aradan qaldırılmasına imkan yaratdı: “Bu problem hamını məmnun edəcək səviyyədə Prezident İlham Əliyevin Fərmanı ilə öz həllini tapdı. Bundan başqa bu ilin əvvəlində minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, yeni müavinətlərin təsis edilməsi, digərlərinin məbləğinin artırılması ilə bağlı sərəncamlar imzalanıb. Bütün bunları onu deməyə imkan verir ki, Azərbaycan dövlət başçısının apardığı siyasət bir başa vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlib”.A. Badamov qeyd edib ki, sosial sahədə atılan addımlar son deyil, bundan sonra da Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı sərəncamların imzalanacağını görəcəyik: “Çünki, bu gün Azərbaycan dövləti hər bir sosial paketin icrasına qadir, güclü iqtisadiyyata malik olan ölkə olub. Sosial sahə ilə bağlı imzalanan sənədlərlə həm Azərbaycanın rifahını yaxşılaşdırır, həm də paralel olaraq ölkəmizin valyuta ehtiyatları artır, dövlət borcumuz azalır. Bu da təbii ki, düşünülmüş və düzgün iqtisadi, sosial siyasətin sayəsində əldə olunur”.

sia.az