Dayanıqlı İnkişaf Məqsədləri üzrə dövlət-özəl sektor dialoquna başlanılıb

15 May 2019 13:24 (UTC+04:00)

Mayın 15-də Bakıda BMT-nin İnkişaf Proqramı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə dövlət və kommersiya sektorları arasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında özəl şirkətlərin roluna həsr olunmuş dialoqa başlanılıb.
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyindən irəli gələn məqsədlərə nail olunması istiqamətində aparılan işlərə biznes qurumlarının cəlb edilməsi, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti bildirib ki, DİM-i həyata keçirməklə dünya iqtisadiyyatının 4 əsas sektoru - ərzaq və kənd təsərrüfatı, şəhərlər və şəhərsalma, enerji sektoru, səhiyyə və sağlamlıq sektorları biznes üçün əhəmiyyətli bazar imkanları açılır. Azərbaycanda bu sahələrin hər biri cəmiyyətin həssas təbəqələrinin həyatını dəyişdirmək, həm böyük, həm kiçik və orta müəssisələrin gəlirlərini genişləndirmək imkanlarını artırmaq, ictimai təsir yaratmaq üçün böyük potensiala malikdir.
Tədbir işini panel iclaslarla davam etdirir.

yap.org.az