"Artıq əsəblər tarıma çəkilib və bölgədə müharibə riski artır” ÖZƏL-ŞƏRH

17 May 2019 14:22 (UTC+04:00)

“ATƏT-in Minsk Qrupu həmsədrlərin son bəyanatının müsbət tərəfi münaqişə tərəflərinin danışıqlara dəvət edilməsi və danışıqlar formatının müəyyənləşdirilməsidir. Paşinyan tez-tez qondarma separatçı rejimin danışıqlara dəvət edilməsi və danışıqlar formatının dəyişdirilməsini ilə bağlı fikirlər irəli sürürdü. Hətta təkidlə bildirirdi ki, bu format olmasa, danışıqlara getməyəcək. Amma həmsədrlərin son bəyanatı bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır”. Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, bəyanat göstərdi ki, ATƏT-in Minsk Qrupu da Azərbaycanın mövqeyini müdafiə edir: “Amma bütövlükdə proseslərin sonrakı inkişafı, xüsusilə ərazi bütövlüyü məsələsi ilə millətlərin öz müqəddəratının təyin etməsi prinsipi çox ciddi sürətdə vurğulanır. Bəyanatda ərazi bütövlüyü məsələsi ön plana çəkilir”.Politoloq qeyd edib ki, Avropa İttifaqı, ATƏT-in Minsk Qrupu qabaqcadan irəli sürülən şərt olmadan tərəflərin əvvəlki formatda danışıqlara getməsini tövsiyə və hətta tələb edir: “Bu isə Paşinyanın səfeh fikirlərini alt-üst edilməsi deməkdir. Bütün bunlar bir daha göstərir ki, şərt qoyulmadan danışıqlara başlanılmalıdır. İndi hər şey Ermənistanın Minsk Qrupunun tələbinə necə cavab verməsindən asılı olacaq”.Ermənistanın bundan sonra da qeyri adekvat addımlar atmasının istisna edilmədiyini dilə gətirən Q. Hüseynli vurğulayıb ki, çünki Paşinyan dəfələrlə bildirib ki, o, Qarabağ ermənilərinin adından danışa bilməz: “Bu, əlbəttə ki boşboğazlıqdır. Əgər Ermənistan ordusu işğal prosesində iştirak edibsə və Azərbaycanın 20 faiz torpaqları onların nəzarəti altındadırsa o zaman Paşinyanın fikirləri onun nə qədər prinsipsiz olduğunu aydın şəkildə ortaya qoyur”.Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünə gəlincə, politoloq bildirib ki, Azərbaycan tərəfi həmsədrlərin bəyanatını müsbət qarşıladığını bildirsə də, Ermənistan tərəfi hələ də buna reaksiya verməyib: “ Əgər qısa zamanda Ermənistan tərəfindən cavab verilməsə, bu o deməkdir ki, onlar tamamilə başqa taktika seçiblər və danışıqlar prosesinə etiraz edirlər. Azərbaycan bu gündən başlayaraq çox geniş miqyaslı təlimlərə başlayıb. Bu o deməkdir ki, ölkəmiz Paşinyana zaman vermək fikrində deyil, artıq əsəblər tarıma çəkilib və bölgədə müharibə riski artır”.

sia.az