Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq

20 May 2019 15:35 (UTC+04:00)

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə, xarici ölkələrdən çox sayda futbol azarkeşinin Bakıya gəlməsi gözlənilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DATX) bildirilib ki, azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, DATX Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib. Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə mayın 27-31-də mövcud "Bakı-Tbilisi-Bakı" marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.
Eyni zamanda, regionlardan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq.

sia.az