Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur

24 May 2019 15:41 (UTC+04:00)

UEFA Avropa Liqasının Azərbaycanda növbəti həftə keçiriləcək final oyunu “Amnesty International” təşkilatı tərəfindən müzakirə edilməsəydi, yəqin ki, təəccüb doğurardı. Çünki bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda, mötəbər tədbirlər ərəfəsində absurd fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi bir sıra dairələr tərəfindən təhlil olunur və “Amnesty International” bu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir.

Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında və yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib.
Deputat qeyd edib ki, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlərboyu mövcud olan multikultural və tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir. Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının və dövlətinin multikulturalizmə ən böyük töhfəsidir. Müxtəlif qərəzli bəyanatların və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz, faktiki olaraq, dünya ölkələrinin əksəriyyətində islamofobiyanın, dini dözümsüzlüyün şahidi oluruq. Lakin Azərbaycanda münasibət tam əksinədir və bu, dəfələrlə sübut olunub. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, onun başqa məcralara yönəldilməsi yalnız anti–Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm də istirahət məqsədilə gələn qonaqlar xoş təəssüratlarla qayıdırlar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildirirlər. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, ermənipərəst dairələrin qərəzli fikirlərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız iddialar səsləndirir və şəxsi mənafeləri naminə addımlar atırlar. Nəzərə alsaq ki, Henrix Mxitaryan son vaxtlar heç bir maraqlı və peşəkar oyun nümayiş etdirmir, onun bu cür yanaşmanı öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq. Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir.
Deputat qeyd edib ki, bu gün Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu gündən-günə artırır. Dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar təsir edə bilməyəcək. Bu cür manipulyasiyalar həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Bütün dünya Bakıda növbəti həftə baş tutacaq yüksəksəviyyəli idman bayramının şahidi olacaq.

yap.org.az