Müasir müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

13 İyun 2019 11:03 (UTC+04:00)

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

- Əhliman müəllim, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gələrək xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Sizcə, 15 İyun Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdikdən sonra bütün sahələrdə tənəzzül yaranmışdı. İllərlə Ulu Öndər tərəfindən çətinliklə yaradılanlar, baxımsızlıq üzündən asanlıqla dağıdılırdı. Xoşbəxtlikdən bu uzun sürmədi və Ulu Öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra Ulu Öndər siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramının həyata keçirilməsinə start verdi.Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı.1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyevin böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

- Sizcə, qurtuluş məfkurəsi Azərbaycan xalqına və dövlətinə nə verdi?

- Müasir müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev olmuşdur. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürübdür. Ümummilli Lider qlobal proseslər fonunda tam fərqli – xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçiribdir. Ümummilli Lider 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstəribdir.Ümummilli Liderin şəxsiyyət kimi böyüklüyü həm də Onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanıb, bu dahi şəxsiyyət həyatını Azər­baycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf edibdir. Ümumilikdə, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Bugünkü müasir müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu günkü nəticələri haqqında fikirlərinizi bilmək istərdik. Heydər Əliyev siyasətinin müasir Azərbaycan dövlətiüçün əhəmiyyəti nədən ibarətdir?

- Müstəqil Azərbaycanın qurucusu və yaradıcısı, təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz Ulu Öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir.Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeridib, dünyanın güc sahibliyi ilə fərqlənən dövlətlərini Azərbaycanla hesablaşmaq, onun konsepsiyasına hörmətlə yanaşmaq faktı qarşısında qoyubdur. Yeni dünya sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri arasında gedən çəkişmələrin pərdəarxası mahiyyətinə müvafiq şəkildə məntiqli xarici siyasət həyata keçirən müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi, ölkəmizin regionda icra edilən bütün transmilli layihələrdə iştirakı təmin olundu. Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi daxili siyasət də ümumən bu prinsiplərə əsaslanıb, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilibdir. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avroatlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb edib, Avropa məkanında etibarlı tərəfdaş imici qazanıbdır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan Ulu Öndər bu istiqamətdə mühüm islahatların həyata keçiril­məsini təmin edibdir.

- Əhliman müəllim, 1993-cü ildə Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan qüvvələr yenə də hakimiyyət iddiasındadırlar. Buna münasibətiniz necədir?

- Azərbaycan dövlətçiliyinə qarşı olanlar bilməlidirlər ki, daha 20-30 il əvvəl deyil. Xalqımız hər şeyi gözəl bilir, pafoslu, bəlağətli çıxışlarla onu aldatmaq zamanı geridə qalıb. Bu gün ölkə başçısı İlham Əliyev Azərbaycanda demokratiyanın inkişafı üçün böyük işlər görür. Mən bir şeyi bilirəm ki, demokratik ölkədə hakimiyyətə gəlməyin yalnız bir yolu var. Mitinqlərlə, küçə yürüşləri ilə hakimiyyətə gəlmək mümkün deyil. Ölkəmizdə obyektiv, demokratik, beynəlxalq hüquq normalarına cavab verən seçkilər keçirilir. Hakimiyyətə gəlmək istəyirsən, gəl seçkilərdə iştirak et. Prezident seçkilərindən heç bir il keçmədən müxtəlif fikirlər səsləndirməyə başlayırlar. Parlament seçkilərinə hələ bir ildən çox vaxt var, deyirlər seçkilər indi keçirilsin. Niyə? Xalqımız Heydər Əliyev siyasi kursunu və Prezident İlham Əliyev siyasətini dəstəkləyir və onlarla bir yerdədir. Dövlətimiz etibarlı əllərdədir!

yap.org.az