15 iyun - Milli qürur tariximiz

13 İyun 2019 16:59 (UTC+04:00)

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayitması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir LİDERƏ ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir! Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Ulu Öndər Heydər Əliyev: "1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı"

1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".1993-cü ildə xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Həqiqətən də sübut olundu ki, müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətindir


Ulu Öndər Heydər Əliyev 15 iyun tarixi barədə danışakrən vurğuylayıb ki, bu hadisə zərurətdən doğan bir faktor idi. Belə ki, 28 may Respublika Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial - iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fərmanında bu barədə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".

Müstəqilliyin əldə olunmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətləri böyükdür

Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Belə bir şəraitdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdilər. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu Lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi. Ancaq bu ərəfələrdə AXC-Müsavat iqtidarının günahı üzündən Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi Respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: "...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".Bu tarixi qayıdış sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. "Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 17-də 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış edəndə deputatlar təklifimi dərhal müdafiə etdilər. 10 gün sonra - iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi"- Ulu Öqdər Qurtuluş Gününün elan edilməsi ilə bağlı çıxışında bildirmişdir. Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır
Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Əliyevlər ocağının ən layiqli yetirməsi Cənab İlham Əliyevin əlindədir. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezidenti İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq.Azərbaycan dünyanın mərkəzinə çevrilərək beynəlxalq aləmdə lider ölkələr sırasına qatılmaqdadır. Əbəs yerə deyil ki, artıq paytaxtımız Bakı başda olmaqla, regionlarımız günü-gündən gözəlləşir, abadlaşır və tərəqqi yolunda uğurla addımlayır. Baxın, hələ Eurovision mahnı yarışmasından öncə bir çox qaragüruhçu qüvvələr bu böyük tədbirin iflasa uğrayacağını iddia edərək, inkişaf xəttimizə pəl vurmağa çalışırdılar. İstər xarici, istərsə də daxili düşmənlərimiz müstəqilliyimizə kölgə salmaq üçün daha hansı oyunbazlıqlara əl atmadılar..?! Ancaq bu yarış paytaxtımız Bakıda öz əsrarəngilziyi, analoqsuzluğu ilə baş tutdu. Nəinki Avropa, bütüh dünya, milyardlarla insan Azərbaycanın inkişafını öz gözləri ilə gördü.Bunun ardınca I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, eləcə də bu yarışların regionlarımızda da keçirilməsi artıq növbəti böyük addım idi. Onda da bəzi qüvvələr çox cəhədlər göstərdilər ki, müstəqilliyimizə qarşı fəsadlar göstərsinlər. Ancaq Azərbaycan xalqı el birliyi ilə bu möhtəşəm idman hadisəsini də uğurla başa vurmuş oldu, müstəqil Azərbaycanın adını tarixlərə yazdı. Daha sonra bir neçə beynəlxalq idman turnirlərinin, dünya çempionatlarının da baş tutması buna sübutdur.Ona görə də biz əminliklə vurğulayırıq ki, Azərbaycanın tərəqqisi və inkişafı, dünya dövlətləri arasında xüsusi əhəmiyyətilə seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bir çox mötəbər beynəlxalq təşikilatlarda söz sahibinə çevrilib. Bəli, bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır.Fürsətdən istifadə edərək mən də qürurlu azərbaycanlı kimi bütün xalqımızı qarşıdan gələn gələn bayramlarımız münasibəti ilə ürəkdən təbrik edirəm,

BAYRAMLARINIZ MÜBARƏK BÖYÜK VƏ QÜDRƏTLİ AZƏRBAYCAN XALQI!

KAMİL MİRZƏYEV,
YAP Biləsuvar rayon təşkilatının sədri