"Moskva görüşündən sonra ABŞ-ın qısqanclığı tutdu" ÖZƏL-MÜNASİBƏT

18 İyun 2019 16:25 (UTC+04:00)

“Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyanın tutduğu mövqe o qədər mürtəcirdir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşündən hansısa nəticə gözləməyə inanmıram”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, bilavasitə Moskva görüşündən sonra ABŞ-ın qısqanclığı tutdu və bu siyasi qısqanclığın nəticəsi olaraq Vaşinqtonda belə bir görüşün keçirilməsini istədi: “Təbii ki, Azərbaycan tərəfi bu cür danışıqlardan qaçmır. Amma bu görüşdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hansısa bir yenilik və irəliləyiş olacağına inanmıram. Çünki ermənilərin tutduğu mövqe həddindən artıq qeyri-konstruktiv bir mövqedir. Nəzərə alsaq ki, hazırda Ermənistanda kifayət qədər siyasi, iqtisadi və daxili problemlər var, o zaman işğalçı ölkənin Qarabağın azad olunması və yaxud hansısa bir rayonun azad olunması ilə bağlı razılığa gələcəyi inandırıcı görünmür. Təbii ki, Vaşinqton görüşü də növbəti görüşlərdən biri kimi yadda qalacaq”.Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan iyunun 20-də Vaşinqtonda görüşəcəklər. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə keçiriləcək. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bundan öncəki görüşü apreldə Moskvada olub.

sia.az.