“Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür”

8 İyul 2019 19:28 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri və YAP fəalları iştirak ediblər.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbirdə çıxış edərək müasir Azərbaycan tarixinin son 50 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, 1960-cı illərdə Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Amma Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə müasir tariximizdə dönüş baş verdi: “Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Yaşlı nəsil yaxşı xatırlayır ki, 1960-cı illərə qədər Azərbaycan bütün sahələrdə xoş olmayan günlərini yaşayırdı, insanların həyat səviyyəsi yaxşı deyildi. Nəticə etibarilə, Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən çox qısa zaman sonra Azərbaycanda o zaman müşahidə olunan xoşagəlməz proseslərin qarşısı alındı, iqtisadiyyat inkişaf etməyə başladı, çoxlu sayda sənaye müəssisələri yaradıldı. Respublikanın sənaye potensialı yüksəldi, kənd təsərrüfatında böyük dönüş başladı. Məhz o zamandan Azərbaycanın şəhərlərinin, kəndlərinin siması dəyişdi. Bakı şəhəri müasirləşdi, yeniləşdi. Təkcə sənaye və kənd təsərrüfatı deyil, elm və təhsil, mədəniyyət, səhiyyə də ciddi şəkildə inkişaf etdi. Çoxlu məktəblər, ali təhsil ocaqları yaradıldı. Eyni zamanda, Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali mktəblərində təhsil almalarına imkan yaradıldı. Bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə çalışıb davamlı inkişafa töhfələr verən şəxslərin böyük əksəriyyəti həmin kateqoriyanın insanlarıdır. Həmçinin respublikamızda mədəniyyətin, incəsənətin inkişafına davamlı töhfələr verildi. Azərbaycanın bir çox dəyərli elm, mədəniyyət, incəsənət adamları o dövrün ən yüksək fəxri adlarına layiq görüldülər. Bütün bunların hamısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında etdiyi möhtəşəm xidmətlərdir ki, bunların sayəsində respublikamız böyük bir inkişaf mərhələsi keçdi”.

Baş nazirin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri yalnız iqtisadi inkişafla bitmirdi. Əli Əhmədov onu da qeyd edib ki, müstəqil Azərbaycanın formalaşması, qüdrətinin artması missiyası da Ulu Öndər Heydər Əliyevin əzəmətli çiyinləri üzərində qərar tutmalı oldu. O xatırladıb ki, 1990-cı illərin əvvəllərində sovetlər ittifaqının dağılması nəticəsində Azərbaycan öz müstəqilliyini əldə etdi: “Amma yenə də ölkəmizin real müstəqil dövlət kimi formalaşması, təsdiqi Ulu Öndər Heydər Əliyevin xidməti kimi tariximizə yazılıb. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etdikdən sonra o dövrün hakimiyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını təmin etmək iqtidarında deyildi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi mövcud problemlərdən xilas etdi. Müstəqil Azərbaycan dövləti yarandı”.

Bu gün Azərbaycanın Heydər Əliyev siyasətinin uğurlarını yaşadığını deyən Baş nazirin müavini söyləyib ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün əldə etdiyimiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. “Bütövlükdə, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, onun əsasında Azərbaycan bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək, Azərbaycan xalqının milli həmrəyliyi daha da güclənəcək, ölkəmizin dünya birliyində mövqeləri artacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Tədbirdə həmçinin, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyev haqqında xatirələrini danışıb, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin parlaq ideyaları daim Azərbaycana uğurlar qazandıracaq.